"Müsəlman Birliyi" Hərəkatının iki üzvünün saxlanıldığı bildirilir.
Hərəkatdan AzadlıqRadiosuna verilən məlumata görə, dekabrın 1-də təşkilatın üzvü Nicat Əliyevi günorta saatlarında mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar.
Qurumdan əlavə edildiyinə görə, başqa bir üzvləri Samir Babayevi isə bu gün, dekabrın 2-də səhər saatlarında Maştağa qəsəbəsində yaşadığı evinin yanında mülki geyimli şəxslər saxlayıblar.
Bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.
Hərəkat üzvü narkotikdə günahlandırılır
"Müsəlman Birliyi" Hərəkatının üzvü Şahin Qədirovdan yeni xəbər var. Ailə üzvlərinin dediyinə görə, noyabrın 23-də evə qayıdarkən mülki geyimli şəxslərin saxladığı Qədirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tutulub.
Bildirilir ki, Ş.Qədirova qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama,… satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
"Müsəlman Birliyi" Hərəkatından isə bildirilib ki, Ş.Qədirovun həbsi hərəkata qarşı təxribat və təzyiqdir.
Bu deyilənlərlə bağlı, hələlik, Daxili İşlər Nazirliyi və Nərimanov rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri, bir qayda olaraq, əsassız sayırlar.
'Müsəlman Birliyi' Hərəkatı üzvünün saxlandığı deyilir
"Müsəlman Birliyi" Hərəkatının üzvü Şahin Qədirovun saxlanıldığı bildirilir.
Təşkilatdan verilən məlumata görə, onu mülki geyimli şəxslər noyabrın 23-ü axşam saatlarında fəhlə işlədiyi obyektdən çıxarıb zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıblar: "Ailəsi bu barədə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat versə də, hələlik, onun taleyi barədə məlumat ala bilmirlər".
Bu deyilənlərlə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.
"Müsəlman Birliyi" Hərəkatının bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin öldüyü Nardaran hadisələri zamanı həbs ediliblər. Həmin şəxslər qətl və başqa ağır cinayətlərdə ittiham edilirlər. Lakin heç kimi öldürmədiklərini və saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb.