Məhkəmə ‘Müsəlman Birliyi’nin üzvünə 7 il  həbs verib

Bugün, sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının İdarə Heyətinin üzvü Ağəli Yəhyayevə 7 il həbs cəzası verilib. O, külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur.

Fəalın yaxınlarının verdiyi məlumata görə, Yəhyayev ittihamları rədd edərək işi uydurma adlandırıb, amma məhkəmə onun sözlərini nəzərə almayıb.

Müdafiə tərəfi hökmdən Apellyasiya Məhkəməsinə şikayət verəcəklərini bildiriblər.

Yəhyayev 2023-cü avqustun 31-də saxlanıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ağəli Yəhyaev əvvəllər iki dəfə, o cümlədən 2015-ci il Nardaran hadisələri ilə bağlı cinayət təqibinə məruz qalıb.

O, hüquq müdafiəçilərinin siyasi məhbus siyahılarında yer alıb.

Amma rəsmilər Azərbaycanda siyasi məhbusların olması ilə bağlı açıqlamaları qəbul etmirlər.

Buna da bax: 97 gündür aclıq etdiyini deyən alim: 'Məni intihara vadar etmək istəyirdilər'

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olmuşdu.

Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Onlara maksimum 20 il olmaqla ( A.Yəhyayev 15 il həbs almışdı) müxtəlif müddətə həbslər verilsə də məhkəmələrdə günahsız olduqlarını açıqlayıblar.

Onlar polislərin də ölümündə əllərinin olmadığını vurğulayıblar. Həmin şəxslərin bir çoxu (Ağəli Yəhyayev daxil) əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılıb.