Beynəlxalq ictimaiyyət Birmada (Myanma) məhkəmənin hakimiyyətdən devrilmiş Aunq San Suu Kyini dörd il həbsə məhkum etməsini kəskin qınayır. Nobel sülh mükafatı laureatı olan Kyi orduya qarşı qızışdırıcılıqda və COVID-19 qadağalarını pozmaqda təqsirli bilinib.
Dekabrın 6-da çıxarılmış qərar 76 yaşlı Suu Kyiyə qarşı gözlənən hökmlərdən birincisidir. Fevralda hərbi çevrilişlə devrilmiş siyasətçini onillərlə çəkəcək həbs gözləyir.
Britaniyanın Xarici işlər naziri Liz Truss hökmü “Myanma hərbi rejiminin müxalifəti boğmaq, azadlıq və demokratiyanı sıxışdırmağa yönəlik daha bir qorxulu cəhd” adlandırıb.
BMT-nin insan haqları rəsmisi Mişel Başele isə hökmü “gizli proseduralarla keçən biabırçı məhkəmə”nin nəticəsi, “yalnız siyasi motivli” adlandırıb.
Fevraldakı çevrilişdən sonra saxlanmış Suu Kyi korrupsiyada, seçki saxtakarlığında, dövlət sirləri haqda qanunu, fövqəladə koronavirus qaydalarını pozmaqda suçlanır.
Müdafiə tərəfi ittihamların hamısını rədd edib.
Suu Kyi həm də Myanma adlanan bu ölkənin beş il öncə qismən demokratikləşməsində əsas rol oynayıb.