Müdafiə Nazirliyi yeni statistika açıqlayıb

Müdafiə Nazirliyi

İyunun 2-də Azərbaycan Müdafiə Nazirliyi (MN) İkinci Qarabağ müharibəsində həlak olan hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat yayıb. Orada Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçularından iyunun 2-dək dəfn edilən 2 min 900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

"...İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir", - məlumatda yazılıb.

MN-in bundan əvvəl, martın 2-də yaydığı məlumatda həlak olan hərbçilərin sayı 2 min 881, itkin düşmüş hesab olunanlar isə 28 nəfər göstərilirdi.

Nazirlik 44 günlük müharibədən az sonra isə 1 min 200 hərbi qulluqçunun xəstəxanada müalicə aldığını bildirirdi.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi