Dələduzluqda suçlanan şəxs keçmiş məmurun yaxın qohumunu ona qarşı zor tətbiqində ittiham edir.
«Yalçın Abdullayev bir neçə nəfərlə birlikdə məni dəmir boru ilə döydü. Sonra da məni məcbur elədilər ki, Yalçına borclu olduğumu deyim, onlar da bunu diktofona yazsınlar. Məni elə vəziyyətə qoydular ki, onu deməyə məcbur oldum. İndi də həmin səs yazısı iş materiallarına sübut kimi əlavə olunub», – 33-yaşlı Xəyyam Balayev məhkəmədə danışıb.
Bu işdə zərərçəkən kimi tanınan Yalçın Abdullayev 2012-2018-ci illərdə Beyləqan rayonunun icra başçısı olmuş Vaqif Abdullayevin qardaşı oğludur. İddia olunur ki, Xəyyam birgə biznes adıyla Yalçının 965 min dollar (1 milyon 640 min manat) pulunu alıb və onu aldadıb.
Buna da bax: Gəncə işi: 'O qədər döymüşdülər ki, hamımızın qanı bir-birinə qarışmışdı'«Təklif ondan gəldi»
Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanan X.Balayev istintaq dövründə həbs olunmamışdı, onun haqqında polis nəzarətinə vermə-qətimkan tədbiri seçilmişdi. Ancaq məhkəmənin elə hazırlıq iclasında hakimlər onun həbsinə qərar verdi.
X.Balayev özünü təqsirli bilmir, deyir ki, çoxdan bizneslə məşğul olur. Onun sözlərinə görə, Y.Abdullayevlə birgə iş təklifi onun özündən gəlib: «Mən Elçin Əliyevlə steklovat (şüşə-pambıq üzlük, izolyasiya materialı-red.) alışı-satışıyla məşğul olurdum. Mal bizə, əsasən, Türkiyədən göndərilirdi. Yalçın Abdullayevi də Elçinin vasitəsilə tanımışam. Bir gün Dubaydan gələndə Yalçın Abdullayev özü mənə birlikdə iş görməyi təklif elədi. Mən ona Elçinlə işim haqda danışmamışdım. Özü məlumatlı idi, buna görə təklif də ondan gəldi. Dedi ki, steklovat işinə başlamaq istəyir. Düzdür, ondan pul alınıb, iş görülüb, sonra da geri qaytarılıb. Mən bu gün niyə həbsdəyəm, bilmirəm».
X.Balayev deyir ki, zərərçəkən tərəf ona və yaxınlarına təzyiq edir, hədələyir. Ölümlə hədələndiklərini iddia edən təqsirləndirilən şəxsin sözlərinə görə, bu işdə onun əleyhinə heç bir mötəbər sübut yoxdur: «İşdəki səs yazısı da sübut kimi qəbul oluna bilməz. Çünki məni döyüb, zorla o sözləri dedirdiblər».
Buna da bax: 'Məni ayaqlarımdan asıb döyürdülər'X.Balayevin vəkili sözügedən səs yazısının qanunsuz yolla əldə edildiyini əsas gətirib sübutlar siyahısından çıxarılması, bir də müvəkkilinin məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması haqda vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb.
Suallara dəqiq cavab verilməyib
Zərərçəkən Y.Abdullayev özü məhkəməyə gəlməyib, onu vəkili təmsil edib. Vəkil döyülmə, zorla səs yazma kimi ittihamlara cavab verməsə də, pulun qaytarılmadığını söyləyib. Təqsirləndirilən şəxsə suallar verərək, malların kimlərin vasitəsilə alınıb-satılması, pulların kimə çatdırılması və s. haqda soruşub. Ancaq X.Balayev suallara dəqiq cavablar verməyib. Məsələn, zərərçəkənin nümayəndəsi soruşur ki, malları Türkiyədən kimdən, hansı şirkətdən alırdı?
X.Balayev deyib ki, pulu Bakıda Orxan adlı şəxsə verirdi, Türkiyədən malı o gətirirdi. Onun sözlərinə görə, həmin Orxan adlı şəxslə indi əlaqəsi yoxdur: «Söz-söhbətlərdən sonra Orxanla əlaqə tamam kəsildi».
O, Qazaxıstanla da ticarət əlaqələrinin olduğunu desə də, birlikdə işlədiyi şəxslərin hansısa biri haqda dəqiq məlumat verməyib.
Avqustun 28-də davam keçiriləcək məhkəmə iclasında da X.Balayev zərərçəkmişin vəkilinin qalan suallarını cavablandıracaq.
42-yaşlı Y.Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə şikayət edib. Ərizəsində göstərib ki, X.Balayevə 2015-ci ilin yanvar ayında birgə biznesdən ötrü pul verib və aldadılıb.
X.Balayevin ittiham olunduğu CM-in 178.3.2 maddəsində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.