'Hizbullah'ın yeni başçısı İranla bağlantılarını gizlətmir

Naim Qasım

Oktyabrın 28-də Naim Qasım Livandakı "Hizbullah" silahlı qruplaşmasının baş katibi seçilib. AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi bunu bildirərkən əsas vəzifəyə iddialıların sayca çox olmadığına da diqqət çəkib.

Qasım 1991-ci ildən baş katibinin müavini olub. O, sentyabrın 27-də "Hizbullah"ın İsrail zərbələri nəticəsində öldürülən uzunmüddətli lideri Həsən Nəsrullahın yerinə keçib. Nəsrullahı əvəzləyəcək Haşim Səfiəddini də İsrail ordusu öldürüb.

Ekspertlərin fikrincə, hərbçi əvəzinə təcrübəli siyasətçi təyin etməklə "Hizbullah" İsraillə savaşa danışıqlar yolu ilə son qoymaq niyyətindədir.

"Rəqibləri ilə danışıqlar aparmaqdan ötrü "Hizbullah"ın başında təcrübəli siyasətçi olmalıdır", - Londondakı Şərq və Afrika Araşdırmaları Məktəbinin Yaxın Şərq İnstitutunun direktoru Lina Xatib X sosial şəbəkəsi hesabında belə bildirib.

Qasım müvəqqəti başçıdır?

Di gəl, İsrail müdafiə naziri Yoav Qallant qruplaşma ilə danışıqlar aparmaq fikirlərinin olmadığını deyərək Qasımın təyinatını "müvəqqəti" adlandırıb.

"Hizbullah"ı terrorçu qurum sayan ABŞ 2018-ci ildə Qasımı da terrorçular siyahısına salıb, üstəlik, Qasıma qarşı sanksiyalar da tətbiq edib.

Qasım 1992-cı ildən Livanda parlament seçkilərinə qatılan "Hizbullah"ın siyasi kampaniyalarının təşkilində yaxından iştirak edib. Onun səyləri nəticəsində "Hizbullah" silahlı qruplaşmadan Livanın ən nüfuzlu siyasi partiyasına çevrilə bilib.

Qasımın 71 yaşı var. O, "Hizbullah"a 1980-ci illərdə - qruplaşma yeni yaradılarkən qoşulub. Nəsrullah kimi Qasımın da İranla sıx bağlantıları var. Öncəki başçıdan fərqli olaraq İrana səfərlərini gizlətməyən Qasım bu ilin iyulunda prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılıb.