Bədənində güllə daşıyan Nardaran məhbusları

Nardaran məhbusları

“Oğlumun bud sümüyündə qalmış güllə ona çox əziyyət verir. Təcili əməliyyata ehtiyacı olsa da, Penitensiar Xidmət nə özü bu işə əncam çəkir, nə də bizə imkan verir ki, problemi həll edək".

Bunu AzadlıqRadiosu-na Nardaran hadisələrinə görə həbs olunmuş və 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şamil Abduləliyevin atası Adil Abduləliyev deyir.

Buna da bax:​ Anası: 'Abbası qızmar günün altında üç saat dəmirə bağlayıblar' [video]

“AĞRILARA DÖZƏ BİLMİR”

Şamil Abduləliyev 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində yaralanıb və həbs olunaraq məhkum edilib. Ata deyir, hadisələrdən 1 il 9 ay keçsə də, Şamil həmin gün ona dəymiş üç güllənin ikisini hələ də bədənində daşıyır:

"Artıq ağrılara dözə bilmir, yaralardan çirk gəlir. Bu da dustağa bir cür işgəncə verməkdir. Bədənindəki güllənin çıxarılması üçün vəkili dəfələrlə məhkəmədə vəsatət qaldırıb, aidiyyəti yerlərə müraciət olunub. Ancaq nəticə yoxdur. Bədənindəki güllə hər gün bir az da oğlumun ömrünü kəsir”.

Buna da bax:​ Vəkil: “Bədənində güllələr daşıyan məhbus “kars”a salınıb”

Atanın sözlərinə görə, Şamil də hadisə vaxtı digər yaralılar kimi Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Güllələrdən ikisi çıxarılsa da, biri sanki qəsdən bədəndə saxlanılıb:

"Məhkəmədə vəkil 3 saylı xəstəxananın baş həkimi Fikrət Zeynalovun dindirilməsinə və bu məsələyə aydınlıq gətirməsinə görə vəsatətlər qaldırsa da, təmin olunmadı, baş həkim məhkəməyə dəvət edilmədi".

“ZON”DAN ÇIXMAĞA QƏTİ İCAZƏ VERİLMİR

Şamilin ailəsi onun bədənindəki güllənin çıxarılması üçün Baş Prokurorluğa və Penitensiar Xidmətə müraciət edib. Prokurorluq bu ilin mayında göndərilmiş müraciəti hələ də cavabsız qoyub. Penitensiar Xidmətdən gələn rəsmi cavabda isə qeyd olunur ki, ailə özü həkim dəvət etməklə, Şamilin üzərində cərrahiyyə əməliyyatı aparıla bilər. Ailə də bu cavaba arxayın olaraq cərrah tapıb, ancaq bu dəfə ortaya başqa problem çıxıb:

Buna da bax:​ Məhkəmə Nardaran məhbusunun işgəncə şikayətinə baxmaqdan imtina etdi

"Həkim deyir, əməliyyatöncəsi müayinələr, MRT olmalıdır ki, güllələrin harada, necə yerləşdiyi dəqiqləşdirilsin. Ancaq Penitensiar Xidmət məhbusun "zon"dan çıxarılmasına qəti icazə vermir. Bu müayinələrsə mütləq klinikalarda olmalıdır, çünki Penitensiar Xidmətin Müalicə Müəssisəsində bunun üçün lazımi avadanlıqlar yoxdur”.

PENİTENSİAR XİDMƏT CAVAB VERMİR

1 il 9 aydır ki, bədənində güllə daşıyan tək Şamil Abduləliyev deyil, eyni hadisədə güllələnən və həbs olunan Bəhruz Əsgərov, Cahad Babakişizadə də eyni durumdadır. Həmin vaxt əməliyyat olunsalar da, hərəsinin bədənində bir güllə qalıb. Vəkilləri dəfələrlə vəsatətlər qaldırıb, əməliyyat üçün müraciət edib, lakin indiyədək müsbət nəticə əldə olunmayıb.

AzadlıqRadiosu-nun müxbiri məsələyə Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən münasibət öyrənməyə çalışır.

Buna da bax: Şahid ifadəsindən: 'O, həmişə Nardarana qara avtomobili ilə gəlirdi...'

Nardaran hadisələri 2015-ci il noyabrın 26-da baş verib. Bu iş üzrə bir neçə ay davam edən məhkəmədə təqsirləndirilən 17 nəfərə qəsdən adam öldürmə, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və başqa ittihamlarla 10 ildən 20 ilədək həbs cəzası verilib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyərək ittihamları rədd ediblər. Onlar istintaq zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını deyiblər. Vəkilləri onlara görə məhkəmələrdən bəraət tələb etsə də, heç birinə bəraət verilməyib.

DİN işgəncə ittihamlarını rədd edib.