Nardaran işi üzrə ibtidai istintaq zamanı dindirilmiş şahidlərin bir qismi həmin ifadələrini təsdiqləmirlər. Bunu onlar oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilərkən deyiblər.
Söhbət əsasən, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun əleyhinə olan ifadələrdən gedir.
Məsələn, Nardaran sakini Valeh Abbasov deyir ki, yazıb-oxumağı bacarmır, istintaq zamanı da müstəntiqin yazdığına qol çəkib.
VERMƏDİYİ İFADƏNİ İMZALAMALI OLUB
Məhkəmədə Valeh Abbasovun iş materiallarındakı ifadəsi elan olunub. Həmin ifadədə yazılıb ki, Taleh Bağırov Nardaranda Əbülfəz Bünyadovun evində qonaq olarkən orada dini mövzularla yanaşı, ölkədə dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurmaq barədə də danışıb. V. Abbasov da ordakıların fikrinin dövlət çevrilişi etmək olduğunu başa düşəndə oradan uzaqlaşıb.
Buna da bax: Nardaran işi: Peşəkar futbolçular da dindirilib...
Valeh Abbasov məhkəməyə deyib ki, o, belə bir ifadə verməyib.
Başqa bir şahid – Maştağa qəsəbəsinin sakini Bəxtiyar Aşurov da iş materiallarındakı ifadəni təsdiqləməyib. Deyib ki, yolda gedəndə polislər onu tutub aparıblar, təzyiqlə vermədiyi ifadənin altına imza atmalı olub.
Aşurovun da işin içindəki ifadəsi elan olunub. Orada yazılıb ki, Hacı Baxış məscidində Taleh Bağırovun dövlətə qarşı çıxışlarının şahidi olub.
DÖVLƏT ƏLEYHİNƏ ÇIXIŞLARIN ŞAHİDİ OLMAYIB
Daha bir şahid Samir Babayevin də istintaqa ifadəsində Taleh Bağırovun dövlət əleyhinə çıxışlar etməsi haqda fikirlər var. Amma o da belə bir ifadə vermədiyini, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) baş əməliyyat müvəkkili İslam Ağabəyovun onu dindirdiyini bildirib. Əlavə edib ki, heç vaxt Taleh Bağırovun dövlət əleyhinə çıxışlarının şahidi olmayıb. İfadədə bu barədə göstərilənlər də sadəcə, onun adından yazılıb.
Samir Babayevin bu ifadəsindən sonra vəkillər Ağabəyovun yenidən məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar. Bildiriblər ki, İ. Ağabəyov zərərçəkmiş qismində tanınıb, bu statusla da məhkəmədə dindirilib. İndi isə məlum olur ki, o, həm də şahidlərin dindirilməsində iştirak edib.
Buna da bax: Nardaran işi: 'Polislər Mehriban Əliyevanı söyəndə səsiniz çıxmırdı...'
Məhkəmə İslam Ağabəyovun yenidən dindirilməsi barədə vəsatəti təmin etməyib.
Yeri gəlmişkən, təqsirləndirilən şəxslər də "bandotdel"də onlara ən çox işgəncə verən şəxslərdən birinin İslam Ağabəyov olduğunu deyirlər. Ağabəyov isə məhkəmədə dindirilərkən adamlara işgəncə verməsi barədə deyilənləri təkzib edib.
İFADƏNİ OXUMADAN İMZALAYIB
Bugünkü məhkəmə iclasında həmçinin təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Facebook" statuslarını bəyənmiş, ona şərhlər yazmış İlqar Atakişiyev də şahid qismində dindirilib. O bildirib ki, Fuad Qəhrəmanlını şəxsən tanımır, sadəcə, sosial şəbəkədə "dost" olublar. İstintaqdakı ifadəsinin əksər hissəsini oxumadan imzaladığını deyən şahid orada yazılanlarla məhkəmədə dedikləri arasında ziddiyyəti də bununla izah edib.
Məhkəmə prosesi oktyabrın 28-də davam edəcək.
Buna da bax: 'Nardaran işi'nin hakimi: 'Ona Şrek deməsin, o da onun atasını söyməsin'
XATIRLATMA
Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi Hərəkatı»nın 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.
Ancaq məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Nardaran İşi”ndə həbs edilənlərə işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.