Dörd gündür yoxa çıxan fəala 10 sutka həbs verilib

Əhsən Nuruzadə, 10 sutka həbs verilib

Sentyabrın 19-dan yoxa çıxan dindar fəal, Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadənin yeri müəyyənləşib. Məlum olub ki, o, bu müddətdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırmış. Bu haqda AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib.

“Bandotdel” yaxınlığında söyüş söyüb...

İmanov bildirib ki, az öncə Ə.Nuruzadənin ailəsinə bir nəfər zəng edərək, özünü ona dövlət hesabına təyin edilmiş vəkil kimi təqdim edib. Bildirib ki, sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsində Ə.Nuruzadə haqqında 10 sutkalıq inzibati həbs qərarı çıxarılıb. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yaxınlığında söyüş söyməkdə suçlanıb. Zəng edən şəxsin sözlərinə görə, məhkəmədən sonra Əhsəni Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya aparıblar.
Yalçın İmanov deyir ki, sentyabrın 22-də təcridxanaya gedib Ə.Nuruzadə ilə görüşməyə, əslində, nə baş verdiyini öyrənməyə çalışacaq: “Məsələ ondadır ki, mən Əhsənin yerini öyrənmək üçün iki gün öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə əlaqə saxlamışdım, amma mənə orada olması haqda məlumat vermədilər”.

Yoxa çıxan başqa bir dindarın kompüterini də aparıblar

Bəhruz Quliyev

​Sentyabrın 21-də axşam saat 18.00 radələrində işlədiyi ticarət mərkəzindən çıxıb evə gedərkən 4 nəfər mülki geyimli tərəfindən qara maşına mindirilib naməlum istiqamətdə aparılan başqa bir dindar Bəhruz Quliyevin yeri isə hələ də məlum deyib. Y.İmanov bildirib ki, sentyabrın 22-də səhər saatlarında bir neçə nəfər mülki geyimli şəxs onun yaşadığı mənzilə gələrək axtarış aparıb: “Gələnlər mülki geyimdə olublar, nə axtarış haqqında qərar təqdim ediblər, nə də kim olduqları, hansı idarədən gəldikləri haqda məlumat veriblər. Axtarış zamanı evdəki kompüteri götürüb gediblər. Ailə üzvlərinə Bəhruzun yeri haqda da heç bir məlumat verməyiblər”.

Xatırlatma

Nardaran hadisələri ilə bağlı məhkəmə proseslərinin fəal iştirakçılarından biri olan Ə.Nuruzadə 2017-ci il yanvarın 24-də də evinin yaxınlığında mülki geyimlilər tərəfindən saxlanılaraq, naməlum istiqamətdə aparılmışdı. Yalnız yanvarın 30-da onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli oldu. O vaxta qədər isə onun ailə üzvləri və vəkili Daxili İşlər naziri Ramil Usubova, müxtəlif polis idarə lərinə, Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etsələr də, yerini öyrənə bilmirdilər. O zaman da Ə.Nuruzadənin yeri haqda məlumat veriləndən sonra bildirildi ki, idarənin yaxınlığından keçərkən söyüş söydüyünə görə 10 sutka inzibati həbs cəzası alıb.