ABŞ-Rusiya danışıqları yanvarın 10-da olacaq

Ukraynanın şərqi Luqansk regionunda təmas xətti

Yanvarın 12-də Rusiyanın NATO, 13-də isə ATƏT-lə ayrıca danışıqları gözlənir

Yanvarın 10-da ABŞ və Rusiya təhlükəsizlik danışıqları aparacaqlar. Məlumatı Ağ ev rəsmisi yayıb.

Danışıqlarda nüvə silahlarına nəzarət və Ukrayna məsələlərinə diqqət ayrılacaq, Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü dekabrın 27-də “AFP” və “Reuters”ə deyib.

Bundan öncə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ikitərəfli danışıqların Rusiya Pravoslav Miladından, yəni yanvarın 7-dən sonra keçiriləcəyini təsdiqləmişdi.

Lavrovun müavini Sergey Ryabkov dekabrın 28-də TASS xəbər agentliyinə danışıqların həmin tarixdə Cenevrədə keçiriləcəyini təsdiqləyib. O ümidvar olduğunu bildirib ki, daha öncə Vaşinqtona göndərilmiş “təhlükəsizlik razılaşmaları” müzakirə ediləcək.

Buna da bax: Jirinovski Ukraynanı bombalamağa çağırır

“Danışmağa əyləşəndə, Rusiya da narahatlıqlarını masaya qoyacaq, biz də Rusiyanın hərəkətlərindən narahatlığımızı masaya qoyacağıq. Proqres əldə edə biləcəyimiz, razılaşmayacağımız sahələr olacaq. Diplomatiya da elə bundan ibarətdir”, – sözçü vurğulayıb.

Yanvarın 12-də Rusiyanın NATO, 13-də isə ATƏT-lə ayrıca danışıqları gözlənir.

Rusiya NATO ilə görüşü “vacib” adlandırıb, amma ordu rəsmilərinin də iştirakında israr edir. Moskva hələ bu görüşün tarixini təsdiqləməyib.

***

Vaşinqtonla Moskva arasında təhlükəsizlik məsələləri üzrə danışıqlar Rusiyada bayramlardan sonra keçiriləcək. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiya ordu rəsmilərinin NATO ilə danışıqlarda iştirakını istəyir.

Lavrov dekabrın 27-də “Solovyov Live” kremlpərəst tok-şouda deyib ki, “Yeni il bayramları bitəndən dərhal sonra Birləşmiş Ştatlar ilə təhlükəsizlik danışıqlarının böyük raundu olacaq”.

Buna da bax: Rusiyalı tarixçinin həbs cəzası artırıldı

Rusiyada yanvarın 7-də Milad bayramı keçirilir və növbəti iş həftəsi yanvarın 10-dan başlanır.

Lavrov NATO-nu tənqid edərək onu da qeyd edib ki, Rusiya alyansla danışıqlara ordu rəsmilərinin qatılmasını istəyir.

“NATO indi təmiz geosiyasi layihədir, məqsədi Varşava Paktının iflasından və Sovet İttifaqı dağılandan sonra sahibsiz qalmış ərazilərə yiyələnməkdir. Onların elədiyi də məhz budur”, – o deyib.


***

Rusiyanın Xarici İşlər Nazirliyi gələn ay NATO-Rusiya Şurasının toplantısını keçirməklə bağlı təklif aldığını təsdiqləyib. Təklifi NATO-nun Baş katibi Yens Stoltenberq irəli sürüb. Kremlsə hələlik, iclasla bağlı qərarını açıqlamayıb.

“Təklifi nəzərdən keçiririk”, – TASS-ın məlumatına görə, Kremlin sözçüsü dekabrın 26-da deyib.

Xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun bildirdiyinə görə, görüşün formatı və Rusiya nümayəndə heyətinin tərkibi nəzərdən keçirilir.

“AFP” NATO-nun sözçüsünə istinadla yazır ki, alyans iştirakla bağlı Kremllə əlaqə saxlayıb.

Görüşlə bağlı “Rusiya ilə əlaqə saxlayırıq”, adının çəkilməsini istəməyən sözçü deyib.

Buna da bax: NATO-Rusiya görüşü ilə bağlı alyans rəhbərindən təklif var

Son 2 il yarımda ilk iclas ola bilər

NATO-Rusiya Şurası 2002-ci ildə yaradılsa da, Ukraynanı şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələrinin münaqişəsi səbəbindən hazırda fəaliyyət göstərmir.

Görüş, Stoltenberqin təklif etdiyi kimi, yanvarın 12-də keçirilsə, şuranın son 2 il yarımda ilk belə iclası olacaq. Həmin gün Brüsseldə NATO-nun 30 üzvünün hərbi liderlərinin ikigünlük iclası da başlamalıdır.

Buna da bax: Putin Qərbdən 'dərhal' təhlükəsizlik təminatı istəyir

Moskvanın bu günlərdə açıqladığı təhlükəsizlik sənədləri layihəsində NATO-dan şərqə doğru genişlənməni, Ukrayna və Gürcüstan kimi ölkələrlə hərbi əməkdaşlığı dayandırmaq tələb olunur.

Prezident Vladimir Putin dekabrın 23-də illik mətbuat konfransında Qərbi tələblərə “dərhal” əməl etməyə çağırıb.

Putin dekabrın 26-da Rusiya dövlət televiziyasına müsahibəsində deyib ki, Qərb Moskvanın tələblərinə əməl etməsə, müxtəlif variantları nəzərdən keçirəcək. Rusiyanın reaksiyası “müxtəlif ola bilər”, deyən Putin onu da əlavə edib ki, “bu, hərbi ekspertlərimizin mənə nə təqdim etməsindən asılı olacaq”.

Buna da bax: Ağ Ev Putinin hər dediyinə reaksiya verməyəcəyini bildirib - Qərb mediası

ABŞ-ın tələblərə münasibəti

ABŞ rəsmiləri tələblərin bəzilərinin qeyri-işlək, qeyri-mümkün, yaxud Qərb dəyərlərinə tam zidd olduğunu açıqlayıblar. Ancaq Birləşmiş Ştatlar yanvarın əvvəlində danışıqlarda iştiraka hazır olduğunu açıqlayıb. Danışıqlar ikitərəfli, NATO və ATƏT çərçivəsində aparılmalıdır.

Bu danışıqlarla bağlı təkliflər Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması fonunda səslənir. Qərb bunu Ukraynaya mümkün hücuma hazırlıq kimi yozur. Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı hərbi eskalasiyanın sərt nəticələrlə hədələyib.

Rusiya işğal niyyəti olmadığını deyir.

Rusiyanın Müdafiə Nazirliyi dekabrın 25-də bəyan edib ki, 10 mindən çox əsgər Ukrayna ilə sərhəd yaxınlığında bir ay çəkən məşqləri yekunlaşdırıb və əsgərlər daimi bazalarına qayıdırlar.