NATO: Şimali Koreya hərbçilərinin Rusiyaya gəlməsi Putinin 'çarəsiz' durumda olduğunu göstərir

Mark Rutte

NATO Rusiyanın Ukrayna ilə həmsərhəd Kursk bölgəsinə Şimali Koreya hərbçilərinin yerləşdirilməsini təsdiqləyib. Qurumun baş katibi Mark Rutte onların Rusiyaya gəlişini Ukraynadakı savaşda "önəmli eskalasiya" adlandırıb. O, oktyabrın 28-də Brüsseldə verdiyi açıqlamada həmin sözləri dilə gətirib.

Baş katibin fikrincə, Rusiyanın müharibədə 600 mindən çox ölü və yaralı hərbçisi olduğundan prezident Vladimir Putin "çarəsiz" durumdadır. Rutte düşünür ki, Rusiyaya öncə silah-sursat tədarükü, indi də hərbçilərin göndərilməsi Şimali Koreya ilə əlaqələrinin genişlənməsinə işarədir.

Şimali Koreyanın 3 mindən çox əsgər göndərdiyi bildirilir. Daha 12 min hərbçinin də dekabrda Rusiyaya yerləşdirilməsi gözlənilir. Bunların arasında döyüş təyyarəsi pilotlarının da yer aldığı deyilir.

Ekspertlərin olaya münasibəti birmənalı deyil

Bəziləri Şimali Koreya dəstəyinin Rusiya qoşunlarını gücləndirəcəyini, digərləri isə onların Rusiya ərazisini qorumaq və tutulan bölgələrdə müdafiə xətləri inşa etmək üçün gətirildiyini deyirlər.

Cənubi Koreya siyasətçiləri bildirirlər ki, şimallıların əsgərləri döyüş bölgələrində yer almasalar da, hərbi avadanlıqdan, o sıradan PUA-lardan istifadə ilə bağlı təlimlərə qatılırlar.

Həftəsonu Vaşınqtonda ABŞ müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) və dövlət katibi Antoni Blinken (Antony Blinken) Cənubi Koreya həmkarları ilə görüşəcək. Pentaqon sözçüsü Sabrina Sinqh (Sabrina Singh) deyib ki, ABŞ-nin verdiyi silahlardan şimali koreyalılara qarşı çəkinmədən istifadə etmək olar.

Beynəlxalq sanksiyalar altında olan Rusiya və Şimali Koreya, özəlliklə Ukrayna müharibəsi başlayandan bəri hərbi və ticari əlaqələrini genişləndirir. İddialara görə, Şimali Koreya Rusiyaya silah-sursat, o cümlədən raketlər tədarük edəcək. Əvəzində isə Rusiya rəsmi Pxenyanın mübahisəli kosmik proqramının inkişaf etdirilməsinə yardım göstərəcək. ABŞ iki ölkə arasında dərinləşən əlaqələrdən narahatlığını dəfələrlə dilə gətirib.

Ötən həftə Şimali Koreya hərbçilərinin döyüş zonasına yerləşdirildiyinə diqqət çəkən Ukrayna prezidenti Volodimir Zelenski hər iki ölkəyə qarşı "hiss olunacaq" beynəlxalq basqını vacib sayıb.