ABŞ və Britaniya səfirləri Bakıda Navalnını xatırlayıblar

Aleksey Navalnı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Böyük Britaniyanin Azərbaycandakı səfirləri Bakıda Stalin repressiyalarının qurbanı, dramaturq Hüseyn Cavidin heykəlinin yaxınlığında fevralın 16-da həbsdə vəfat edən Rusiya müxalifət lideri Aleksey Navalnını xatırlayıblar.

Fevralın 19-da da Bakıda Hüseyn Cavidin abidəsi önünə Navalnının fotoşəkili və çiçəklər qoymuşdu.

On minlərlə rusiyalı Navalnının cəsədini tələb edir

Aleksey Navalnının keçmiş sözçüsü Kira Yarmış fevralın 19-da səhər tvitində yazıb ki, Rusiyanın federal İstintaq Komitəsi anaya və vəkillərinə Navalnının ölümü üzrə təhqiqatın uzadıldığını deyiblər: "Onun nə qədər çəkəcəyi bəlli deyil. Ölümün səbəbi hələ də müəyyənləşməyib".

"Onlar yalan danışırlar, vaxtı uzadırlar və bunu heç gizlətmirlər də", - o, sözlərinə əlavə edib.

"OVD-Info" insan haqları qrupunun məlumatına görə, İstintaq Komitəsinə Navalnının meyitinin ailəsinə verilməsi tələbi ilə 52 mindən çox müraciət göndərilib.

Qrup qeyd edir ki, prosedur qaydalara görə, cinayət işi açılarsa, rəsmi qurumlar cəsədi azı 30 gün, hətta daha çox saxlaya bilərlər.

Bakıda Aleksey Navalnı yad edilib

Bakıda Rusiya müxalifətinin lideri, fevralın 16-da Rusiya koloniyasında naməlum şəraitdə ölən Aleksey Navalnının xatirəsi anılıb.

O, Azərbaycandan olan şair, dramaturq, 37-ci il ( XX əsr) repressiyalarının qurbanı Hüseyn Cavidin abidəsinin yanında yad edilib.

Naməlum şəxslər abidəyə çiçək dəstələri və A.Navalnının fotoportretini qoyublar.

Stalin repressiyalarının qurbanı Hüseyn Cavid Sibir çölündəki həbsxanaların birində ölüb.

+++

"Mediazona" və "Novaya gazeta Europe" Navalnının cəsədinin Salexarddakı morqda saxlandığını bildirirlər. Ancaq məmurlar fevralın 17-də Navalnının ucqar həbsxanaya gedən anası Lyudmilaya bunun əksini söyləyiblər.

Bu arada Navalnının cəsədinin harada olması, üzərində pis rəftar əlamətlərinin olması ilə bağlı spekulyasiyalar var.

"Novaya gazeta Europe" adını çəkmədiyi tibb işçisinə istinadla yazıb ki, cəsədin üzərində göyərmə izləri var. Tibb işçisinin dediyinə görə, müxalifətçinin sinəsində ürək masajının izləri aşkarlanıb, bu isə onu həyata qaytarmağa cəhd olunduğunu göstərə bilər.

Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Sankt-Peterburqda Aleksey Navalnının xatirəsinə aksiyada saxlanılan

Navalnının xatirəsini yad edənlərdən azı 400 nəfər saxlanılıb

Rusiyada fevralın 16-da müxalifət lideri Aleksey Navalnının həbsdə ölməsi xəbəri yayılandan sonra 36 şəhərdə onu yad etməyə çıxanlardan azı 400 nəfər saxlanılıb.

Novosibirsk və Tomsk şəhərlərində güc strukturları əməkdaşları sakinlərin Navalnının xatirəsinə gül və şam düzdüyü yerləri mühasirəyə alıb, Voronejdə isə polis fəalları dağıtmağa çalışıb.

Prezident Vladimir Putinin qatı tənqidçisi, ölkədə korrupsiyaya qarşı mübarizə aparan Navalnının Arktikada həbsxanada gəzintidən sonra huşunu itirdiyi, vəfat etdiyi açıqlanıb.

47 yaşlı Navalnı ekstremizm ittihamı ilə 19 il həbsə məhkum edilmişdi. Özü və tərəfdarları isə cəzanı onun Kremlə qarşı fəaliyyətinə görə siyasi motivli qisasçılıq sayırdı.

"Verstka" onlayn xəbər kanalı Rusiyanın azı 140 şəhərində Navalnının xatirəsinə spontan aksiyalar keçirildiyini yazıb.

"OVD-Info" insan haqları qrupu isə fevralın 17-də Rusiyada polisin 401 nəfəri saxladığını açıqlayıb.

Bu, 2022-ci ilin sentyabrından bəri Rusiyada siyasi aksiyalarda ən böyük həbs dalğasıdır. O zaman Ukraynadakı müharibəyə qismən səfərbərliyin elan olunmasına qarşı nümayişlərdə azı min 300 nəfər saxlanılıb.

Buna da bax: Dünya boyunca Navalnının xatirəsinə aksiyalar keçirilir – Moskvada, Tbilisdə, Yerevanda...

Tələsik məhkəmə qərarları

Fevralın 16-da məhkəmələr onlarla saxlanan barəsində tələsik qısamüddətli həbs cəzaları çıxarıb. Bəziləri isə cərimələnib.

Sankt-Peterburq məhkəmələrində fevralın 18-də axşamadək azı 154 nəfər 14 günədək həbsə məhkum edilib. Xəbəri AFP yayıb.

Moskvada ABŞ səfiri Linn Treysi fevralın 18-də siyasi repressiya abidəsi olan Solovets Daşını ziyarət edib. Abidə Navalnının ən böyük xatirə məkanlarından birinə çevrilib. Səfir müxalifət liderinin ailəsinə, həmkarlarına və tərəfdarlarına başsağlığı verib: "Onun gücü ruhlandırıcı örnəkdir. Onun xatirəsini hörmətlə anırıq".

"SOTA" xəbər portalı Ukraynanın şərqində Rusiyanın nəzarətində olan Luqansk şəhərində də sakinlərin Navalnını yad etdiyini, sovet lideri İosif Stalinin qurbanlarının abidəsinə gül qoyduqlarını yazır.

Bir çox rusiyalı Navalnıya ölkədə illərlə davam edən dövlət təzyiqi və korrupsiyası fonunda dəyişiklik üçün ümid yeri kimi baxırdılar.

Sankt-Peterburqda Aleksey Navalnının xatirəsini anırlar

Navalnaya Aİ nazirləri ilə görüşəcək

Navalnının ailəsi və həmkarları onun həbsxanada öldüyünü təsdiqləyib və meyitini tələb ediblər. Ancaq rəsmi orqanlar bundan imtina edib, vəkilləri və anasında deyiblər ki, təhqiqat bu həftə tamamlanacaq.

AzadlıqRadiosunun "Sistema" araşdırma layihəsi bildirir ki, Navalnının saxlandığı həbsxanada məhkumların tibbi xidmətlə bağlı xahişlərinin dəfələrlə rədd edilməsi haqda məlumatlar var.

Rusiya penitensiar xidməti Navalnı fevralın 16-da huşunu itirəndən sonra həkimlərin ona köməyə tələsdiyini bildirib.

Dünya liderləri Putinin qatı tənqidçisinin ölümünü pisləyib, Rusiya prezidentinin bu ölüm üçün birbaşa məsuliyyət daşıdığını bəyan edib.

Navalnının həyat yoldaşı Yuliya Navalnaya fevralın 19-da Brüsselə gedərək Aİ xarici işlər nazirləri ilə görüşəcək.

"Aİ nazirləri Rusiyada azadlıq mücahidlərinə güclü dəstək mesajı göndərəcək, Alekseyin xatirəsini yad edəcək", -- Aİ xarici siyasət rəhbəri Jozep Borrel X platformasında yazıb.