Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının həmkarları dekabrın 11-də bildiriblər ki, onunla bir həftədir əlaqə saxlaya bilmirlər, vəkillərinin cəzaçəkmə müəssisəsində onu görməsinə icazə verilmir.
Kremlin açıq tənqidçisi olan Navalnının mətbuat katibi Kira Yarmış X platformasında yazıb ki, Navalnının cəza çəkdiyi müəssisə dekabrın 11-də onu bir məhkəmə işinə videobağlantı ilə qoşmayıb, dekabrın 7-dən elektrik təchizatı problemləri olduğunu əsas gətirib.
Navalnı hazırda ekstremizm və başqa ittihamlarla 19 il həbs cəzası çəkir, özü isə ittihamları siyasi motivli sayır.
Yeni cinayət işi
"Altıncı gündür Alekseyin harada olduğunu, başına nə gəldiyini bilmirik", -- Yarmış yazıb.
Navalnı dekabrın 1-də ona qarşı vandalizm ittihamları ilə yeni cinayət işi açıldığını bildirib.
Müxalifətçinin vəkilləri isə dekabrın 6-dan bəri onunla görüşə icazə ala bilmədiklərini deyirlər.
Yarmış və Navalnının digər həmkarı Ruslan Şavetdinov daha öncə deyiblər ki, Navalnı noyabrın sonu - dekabrın əvvəlində kamerada özünü çox pis hiss edib. Belə ki, həbsxana nəzarətçiləri onu yeməkdən, təmiz havadan məhrum edib, təkadamlıq kamerada saxlayıb, kameradan kənarda gəzintiləri məhdudlaşdırıblar.
Buna da bax: Ehtiyatsız irad, yoxsa siyasi teatr?Putinə qarşı kampaniya
Son olaylar Navalnının komandasının dekabrın 7-də prezident Vladimir Putinə qarşı kampaniyası fonunda baş verir. Həmin gün Rusiya parlamentinin yuxarı palatası - Federasiya Şurası 2024-cü il martın 17-nə prezident seçkisi təyin edib.
1999-cu ildən ölkəni baş nazir, yaxud prezident kimi idarə edən Putin seçkiyə qatıla biləcək, 2021-ci ildə qəbul edilmiş konstitusiya dəyişiklikləri buna imkan verir. Putinin seçkini udacağı gözlənilir.
Navalnının həbs cəzası avqustda 19 ilə qaldırılıb, o, ekstremist təşkilat yaratmaqda təqsirli bilinib. Müxalifətçi daha sərt - xüsusi rejimli müəssisəyə köçürülüb.
O, 2021-ci ildə Almaniyadan Moskvaya qayıdarkən saxlanıb. Navalnı Kremli ittiham etdiyi zəhərlənmədən Berlində müalicə olunurdu.
Kremlin açıq tənqidçisi olan Navalnı həbsindən öncə hökumətə qarşı böyük etirazlar təşkil edə bilib.
Onun üç keçmiş vəkili oktyabrda saxlanaraq ekstremist qrupun fəaliyyətində ittiham olunub. Həmin şəxslərin Navalnının antikorrupsiya fondu ilə əlaqələri olub.