Rusiya prezidenti Vladimir Putin Cəzaların İcrası Federal Xidmətinin (CİFX) daxili xidmət üzrə direktor müavini Valeri Boyarinova general-polkovnik rütbəsi verib.
Sərəncam fevralın 19-da, müxalifətçi Aleksey Navalnının koloniyada vəfatından üç gün sonra imzalanıb.
Müxalifətçinin həmkarı İvan Jdanov Boyarinovun rütbəsinin yüksəldilməsini "Putinin işgəncəyə görə səmimi mükafatı" adlandırıb. "Boyarinov Aleksey Navalnıya həbsxanada işgəncə verilməsini şəxsən kurasiya edib. Alekseyin yemək alınması ilə bağlı hesablarına məhdudiyyət, digər işgəncələr Boyarinovun şəxsi göstərişidir", - Jdanov yazıb.
Jdanov Boyarinovun Vladimir vilayətinin müvafiq idarəsinə məktubunu yayıb. Navalnı 2023-cü ilin dekabrınadək həmin vilayətdə cəza çəkib. Məktub göndəriləndən sonra koloniyada yeməyə ayda 5 min rubldan çox pul xərclənməsi qadağan edilib. Ancaq Navalnı cəza müddətinin çoxunu cərimə kamerasında keçirib ki, oraya yemək sifariş vermək qadağandır.
Putin Boyarinovdan başqa xidmətin daha üç əməkdaşının, eləcə də digər qurumların onlarla işçisinin rütbəsini artırıb.
Buna da bax: Yuliya Navalnaya: 'Üç gün bundan əvvəl Putin mənim ərimi öldürüb'Navalnının nəşini tələb edirlər
CİFX-nin məlumatına görə, Navalnı fevralın 16-da gəzintidən sonra vəfat edib. Ölümündən bir neçə gün öncə onu 27-ci dəfə daha sərt rejimli kameraya köçürmüşdülər. Tərəfdarları siyasətçinin öldürüldüyünü deyir. Navalnının nəşi hələ də yaxınlarına verilməyib. Həyat yoldaşı Yuliya isə ərinin işini davam etdirəcəyini bildirib.
67 mindən çox rusiyalı İstintaq Komitəsinə rəsmi müraciət göndərərək Navalnının nəşinin ailəsinə verilməsini tələb edib. Bu haqda "Meduza" xəbər yayıb.
Təşəbbüsün müəllifi "OVD-Info" insan haqları qrupudur. Avropa İttifaqı (Aİ) isə Navalnının ölümü üzrə müstəqil beynəlxalq təhqiqat tələb edib.
Kremlin tənqidçisinin xanımı Yuliya Navalnaya ərinin ölümünə görə Rusiya prezidenti Vladimir Putini ittiham edib.
Aİ-dən sanksiya tələbləri
Aİ-nin Brüsseldə bir araya gələn xarici işlər nazirləri Navalnının ölümünə görə Moskvaya əlavə sanksiyalar qoyulmasına çağırıblar.
"Rusiya onun qəfil ölümünün necə baş verməsinin müstəqil və beynəlxalq təhqiqatına icazə verməlidir", - nazirlər bəyanatda bildirib.
Aİ indiyədək Rusiyaya 12 dəfə sanksiya tətbiq edib və Ukrayna müharibəsinin ikinci ildönümündə 13-cü paketi hazırlayır. Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalının ikinci ili tamam olur. Aİ üzvü Almaniya daha çox sanksiya tələb edir.