Almaniyanın Charité klinikası sentyabrın 16-da rusiyalı oliqarx Yevgeni Prigojinin müxalifətçi Aleksey Navalnının müalicəsi üçün göndərdiyi 1 milyon rublu biznesmeninin özünə qaytarıb.
Bu məlumatı Priqojinə məxsus Konkord şirkətinin mətbuat xidməti Almaniyanın T-online.de saytına bildirib. Mətbuat xidmətinin cavabında deyilir:
"Çox güman ki, pulu bu səbəblərdən birinə görə qaytarıblar: Birincisi Yevgeni Priqojin sanksiya siyahısında olan şəxsdir, ikincisi pulu qəbul etdiyi halda klinika onun necə xərcləndiyinə dair hesabat verməli idi”.
Current Time saytı yazır ki, klinika müxalifətçinin müalicə təfərrüatlarını Yevgeni Priqojinə açmaq istəmir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Borclu borclunun sağlığını istəyir?
Priqojin bundan əvvəl avqustun 31-də Rusiya məhkəməsinin Navalnıdan onun nəfinə aldığı 107 min rublu klinikaya göndərmişdi.
Konkord şirkətinin mətbuat xidməti bildirib ki, klinika bundan əvvəl aldığı pulun hesabatını verib, 1 milyon rubl isə onun müalicə olunub sağalması üçün yetərli olmalıydı.
Priqojin o vaxt demişdi ki, “qoy sağalanadək müalicə etsinlər, necə də olsa, mənə pul borcludur”.
Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss etmişdi.
Təyyarə təcili qaydada Omsk şəhərində endirilmişdi. Daha sonra qohumları Aleksey Navalnının müalicə üçün Almaniyaya göndərilməsinə nail olmuşdu.
Charité klinikası sentyabrın 15-də bildirib ki, Navalny artıq özünü yaxşı hiss etməyə başlayıb və hətta çarpayısından qısa müddətdə qalxa bilir.
Buna da bax: İki müstəqil laboratoriya Navalnının Noviçokdan zəhərləndiyini ‘təsdiqləyir’
Daha bir Noviçok qalmaqalı
Sentyabrın 2-də Almaniya hökumətinin rəsmi nümayəndəsi bəyan etmişdi ki, Navalnının qanında Rusiyada sovet vaxtlarında istehsal olunmuş Noviçok kimyəvi zəhərinin izləri tapılıb.
Bunun ardınca Almaniya kansleri Angela Merkel baş verənlərə görə Rusiyadan rəsmi izahat tələb etmişdi.
Sentybarın 14-də Fransa və İsveçdəki daha iki müstəqil laboratoriya müxalifətçinin Noviçok maddəsi ilə zəhərləndiyini təsdiqləyib.
Yevgeni Priqojin prezident Vladimir Putinin yaxın çevrəsinə daxil oliqarxlardandır.
O Kremlin iaşə xidmətinə cavadeh olduğuna görə vaxtilə “Putinin aşpazı” ləqəbini qazanıb.
Bəzi məlumatlara görə Moskvada uşaq bağçaları və məktəbləri yeməklə məhz onun Konkord şirkəti təchiz edir. Priqojin 2019-cu ilin 30 oktyabrınadək Konkord Yeyinti Kombinatının rəsmən tam sahibi olub.
Buna da bax: Prigozhin Navalny-dən borcunu tələb edir
Navalnı “Putinin aşpazının” pulunu bundan əvvəl də rədd edib
2019-cu ilin əvvəllərində Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondunun (KMF) açıqladığı təhqiqatda iddia olunurdu ki, Konkorda daxil “Moskovski şkolnik” firmasının keyfiyyətsiz yeməkləri 2018-ci ilin dekabrında uşaq bağçaları və məktəblərdə kütləvi dizenteriya yoluxmalarına səbəb olub.
Şirkət bütün ittihamları rədd etmiş, habelə reputasiyasına dəyən ziyan üçün məhkəmə qaydasında Navalnı və onun fondundan təzminat olaraq 500 milyon rubl tələb etmişdi.
Moskva məhkəməsi 2019-cu ilin oktyabrında Priqojinin xeyrinə qərar vermiş və cavadehləri ona 88 milyon rubl ödəməyə təhkim etmişdi.
İyulun 20-də Aleksey Navalnı bu ağır təzminatı ödəyə bilməyəcəyinə görə KMF-ni bağlamağa məcbur olduğunu bəyan etmişdi.
Bundan sonra Priqojin KMF-yə 1 milyon rubl ianə vermişdi. Fond bu pulu onun özünə qaytarmışdı.