Azərbaycan Respublikasının ixrac etdiyi qeyri-neft məhsullarının «səbətində» Naxçıvanda yerləşən müəssisə və sahibkarların payı ilbəil artır.
Ötən il bu göstərici 33 faizi aşıb. Bunun diqqət çəkən özəlliyi odur ki, muxtar respublika büdcəsinin 80 faizi mərkəzdən ayrılan dotasiya hesabına formalaşır.
Məhsulun çoxu xaricə gedir
Naxçıvan MR Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il muxtar respublikadan 419 milyon 120,8 min dollar dəyərində (təxminən 700 milyon manat) - bir il əvvəlkindən 4,7 milyon dollar çox məhsul ixrac olunub. Yerli Dövlət Statistika Komitəsi ötən il burada 943 milyon manatlıq sənaye məhsulu istehsal olunduğunu açıqlayıb.
Buna da bax: 'Bəzi banklar can verir'
Bu, ölkənin qeyri-neft ixracatının (1 milyard 258,3 milyon manatlıq) üçdə biri qədərdir. 2015-ci ildə həmin göstərici 25,8 faiz idi. Ancaq həmin il Azərbaycandan ixrac olunan neftdənkənar (elə qazdan da kənar) məhsulların həcmi daha yüksək – 1,6 milyard dollar olub.
Naxçıvanın rəsmi mənbələri ixracatın 76 faizinin sənaye, qalan 24 faizinin (99,1 milyon dollar) kənd təsərrüfatı məhsullarının payına düşdüyünü bildirir. Türkiyə, İran, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan Naxçıvandan ən çox mal alan ölkələrdir.
Naxçıvan fenomeni: istehsal və ixrac artır, vergi yox
Yerli hökumət son 20 ildə burada buraxılan sənaye məhsulları çeşidinin 10-dan 366-ya çatdığını bildirir. Sənaye yönümlü müəssisələrin sayı 10 dəfə artaraq, 442-yə çatıb. Bu müəssisələrin 70 faizi tam yerli xammaldan yararlanır.
Buna da bax: Neftdənkənar ixracat 30 milyon dollar azalıb
Dövlət sektoru da daxil, bu qədər istehsal gücü Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin, vur-tut, 20 faizini formalaşdırır. Təkcə bu il Azərbaycanın dövlət büdcəsindən Naxçıvan MR-ə 278,9 milyon manat dotasiya ayrılıb.
442 zavod və fabrik büdcəyə nə ödəyir?
Ötən il muxtar respublikanın daxili imkanları hesabına büdcəyə 69 milyon manat proqnoza qarşı 73,6 milyon manat səfərbər edilib. Bunun neçə faizinin özəl bölmənin payına düşdüyü açıqlanmır. Sənaye də daxil, bütün özəl və dövlət şirkətlərinin ödədikləri mənfəət vergisi 1 milyon manat civarındadır.
Buna da bax: Ötən il qeyri-neft ixracı azalıb
Bir bank var, o da vergidən azaddır
Maraqlıdır ki, yerli hökumət burada yerləşən regional kommersiya bankını («Naxçıvanbank» ASC) mənfəət vergisi ödəməkdən azad edib. Bankın səhmdarları arasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvü də var.