Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə "Naxçıvanbank" ASC-nin lisenziyası ləğv edilib.
Bu barədə məlumatı bu gün, iyulun 25-də Mərkəzi Bank yayıb.
Məlumata görə, "Naxçıvanbank" ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bunun əvəzində lisenziya bankın bazasında yaradılmış "E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) verilib: "Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən, "Naxçıvanbank" ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olub, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib".
Açıqlamaya görə, yenidən təşkil prosesi çərçivəsində onun öz əmanətçiləri və digər kreditorları qarşısında öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanıb: "Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (342 min 858.16 manat) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülüb".
Hazırda Azərbaycanda 23 bank var. Son 10-15 ildə ölkədə 20-dən çox bankın lisenziyası müxtəlif səbəblərdən ləğv edilib. Bu daha çox onların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Onların elə 10-dan çoxunun bağlanması dünyada neftin qiymətinin kəskin düşməsi və 2015-ci ildə ölkədə baş verən iki devalvasiyadan sonraya təsadüf edib.
Həmin banklardakı sığortalanan əmanətlər, əsasən, qaytarılsa da, qorunmayan əmanətlərlə bağlı şikayətlər hələ də qalmaqdadır.