►Naxçıvani küçəsinin sakinləri hökumətə inanmır
Sakinlər: “Gedək, notariat kontorda bizə rəsmi şəkildə təminat versinlər ki, 2 ildən sonra bura qayıda biləcəyik”
“İşığı, suyu, qazı kəsməklə hədələyirlər. İcra başçısının müavini hər gün həyətə gəlir, deyir, “çıxın, buralar sökülməlidir. Hündür binalar tikiləcək, sonra qayıdıb həmin binalarda yaşayacaqsız”. Bizsə inanmırıq”.
Daha doğrusu, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsinin sakinləri köhnə evlərinin sökülüb yerində yenisinin tikiləcəyinə inanırlar.
Ancaq iki ildən sonra o yeni tikililərə qayıdacaqlarına yox... Küçədəki 25 və 27 saylı binaların sakinləri AzadlıqRadiosuna deyiblər ki, Yasamal rayon icra hakimiyyətinə inanmamaq üçün səbəbləri var. 25 saylı binanın sakini Fərid Qasımov bu səbəblərdən danışır:
“YAZILI ZƏMANƏT VERSİNLƏR”
“Bizə bunu yazılı, təsdiqlənmiş formada demirlər, sadəcə, başçının müavini şifahi şəkildə deyir ki, “arxayın gedin, bir gün qayıdacaqsınız”. Bizə yazılı zəmanət versinlər. Əgər bunu etmirlərsə, o zaman bizi dağa-daşa salmasınlar, kompensasiyamızı ödəsinlər, gedək kənarda ev alaq, həyatımıza davam edək. Hər gün bir nağıl eşidirik”.
Fərid Qasımovun deməsinə görə, bir müddət əvvəl qonşuluqdakı həyətlərin sakinlərinə sahənin kvadratmetrinə 2 min 500 manatdan kompensasiya ödənilib və qonşular çıxıb gediblər:
“İndi o evlərin yerində 16 mərtəbəli bina tikilir. Biz də kompensasiya istəyirik. Çünki hökumətin vədlərinə inanmırıq. Bizə deyirlər, “pul yoxdur”. Əgər bu pul ayrılıbsa, hardadır, kimin cibindədir? Burada ancaq bir məqsəd var – Yasamal rayon icra hakimiyyəti bir şirkətlə əlbir olub, evlərimizi əlimizdən almağa çalışır”.
“BİZİ YAXINA BURAXMAYACAQLAR”
Başqa sakin Əsəd Əsədov:
“Deyirlər, “gedin, 2 il başqa yerdə yaşayın, müasir binalar tikiləndə xəbər edəcəyik, qayıdacaqsınız”. Birdən xəbər etməsələr, necə olacaq? Biz məmurların ağzından çıxan hər bir kəlmənin hüquqi təqsidini istəyirik ki, sabah başımıza ip salıb oynatmasınlar. İcra hakimiyyəti isə bundan qaçır. Demək ki, icra hakimiyyəti “De-Lux” şirkəti ilə əlbir olub, evlərimizi əlimizdən alırlar. Əks halda, niyə yazılı zəmanət verməsinlər ki?”
27 saylı evin sakini Hikmət dayı:
“Ötən payızda "De-Lux" MTK 16 mərtəbəli yaşayış binası tikməyə başlayandan sonra ev qəzalı vəziyyətə düşdü. Ona kimi evlərimiz yaxşı vəziyyətdə idi. Deməyim odur ki, özləri qəzalı vəziyyətə saldılar. İndi də deyirlər, “çıxın”. Bilərəkdən böyrümüzdəki tikintiləri elə aparırlar ki, evlərimiz başımıza uçsun, məcbur olub tərk edək. Biz yaxşı bilirik ki, hansısa şirkət burda hündürmərtəbəli bina tikəndən sonra min bəhanə ilə bizi yaxın buraxmayacaqlar. Ona görə də şərt qoymuşuq ki, kompensasiyamızı versinlər, gedək kənarda başımızın çarəsini tapaq”.
“TƏMİRLİ MƏNZİLLƏR VERİLƏCƏK”
Ərazidəki tikinti işlərini "De-Lux" MTK aparır.
Şirkətdən “Qaynar xətt”ə bildiriblər ki, sakinlərin evlərinin sökülməsi və yerində yenilərinin tikilməsi dövlət layihəsidir və bu məsələ Yasamal rayon icra hakimiyyətinin qərarında öz əksini tapıb.
Yasamal rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, qurum başçısının sərəncamıyla qəzalı vəziyyətdə olan və şəhərin müasir görkəminə uyğun olmayan binaların sökülməsinə başlanılıb. Həmin binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Naxçıvani küçəsi 25 və 27, Murtuza Muxtarov küçəsi 182, Cəfər Cabbarlı küçəsi 37 və 39 ünvanlarındakı evlər sökülərək yerində hündürmərtəbəli binalar tikiləcək.
Ərazidən sakinlərin köçürülməsi və sökülmüş binaların yerində hündürmərtəbəli yaşayış binasının tikintisi "De-Luks" MTK-ya həvalə edilib. Qurumdan bildirilib ki, mənzillərdən köçürülən sakinlərin müvəqqəti kirayə mənzillərdə yerləşdirilməsi üçün maliyyə vəsaiti ödəniləcək. Sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında təmirli mənzillər veriləcək. Bütün bunlar rəsmi müqavilə əsasında həyata keçiriləcək.