Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Bu barədə AzadlıqRadiosuna onun vəkili Aqil Layıc məlumat verub.
Onun sözlərinə görə, şikayətdə istintaq orqanının təqdimatının rədd edilməsi və qətimkan tədbiri barədə qərarın ləğvi məsələsi qoyulub.
Vəkil qeyd edib ki, N.Bəydəmirli 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
A.Layıc əlavə edib ki, N.Bəydəmirlini özü şikayət etdiyi iş üzrə həbs ediblər: "Nazim bəy səhmdarı olduğu "Avto-Garant" ASC-də pay bölgüsü ilə bağlı şikayətçi idi. Bununla bağlı da Daxili İşlər Naxirliyinə şikayət vermişdi, araşdırma aparılırdı".
Məsələ ilə bağlı "Avto-Garant" ASC-dən münasibət öyrənmək mümkün olmayıb.
Nazim Bəydəmirli və "Avto-Garant" ASC-nin idarə heyətinin sədri Elmar Musayev 2014-cü ildə “Avto-Garant” ASC-nin mülkiyyətçisi Ədalət Bağırov və qeyriləri tərəfindən E.Musayevin qanunsuz olaraq vəzifədən kənarlaşdırılması, 20 min manata yaxın pul vəsaitinin dövlət büdcəsindən yayındırılması, o cümlədən 1 milyon manatdan çox pul vəsaitinin xəzinəyə mədaxil edilməməsi barədə bir müddətdir istintaq orqanlara müraciət etmişdilər.
Lakin istintaq orqanları şikayəti əsassız olduğu barədə qərar vermişdi.
Xatırlatma
N.Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ittiham irəli sürülüb. Bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bu gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma adlandırıb və hüquqi əsasının olmadığını bildirib. Onun sözlərinə görə, həbsin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl emalı müəssisəsinin ətraf mühiti çirkləndirməsilə bağlı yerli sakinlərin etirazları ilə əlaqədar çıxışlarıdır.