Həbsdə olan keçmiş deputat, işadamı Nazim Bəydəmirliyə ailəsi ilə görüş verilmədiyi deyilir.
Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, N.Bəydəmirlinin həbsindən ayyarım keçməsinə baxmayaraq, o, ailəsi ilə görüşə bilmir: "Bununla bağlı məhkəməyə müraciət olunub və Nərimanov Rayon Məhkəməsi qadağanı aradan götürüb. Məhkəmədən bir həftə vaxt keçib, amma məhkəmə qərarı hələ də icra olunmur, deyirlər, səbir edin".
O əlavə edib ki, N.Bəydəmirli 1 saylı Bakı Təcridxanasında 16 nəfərlə birgə saxlanılır.
Penitensiar Xidmətdən isə "Turan"a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.
Həbsin səbəbi...
Bu il iyulun 5-də Nərimanov Rayon Məhkəməsi N.Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin məlumatında bildirilib ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.
Bəzi hüquq müdafiəçiləri isə keçmiş deputatın həbsini siyasi sayır və bunu Gədəbəy rayonunun Söyüdlü kəndində qızıl mədəni ətrafında baş verənlərlə izah edirlər. Keçmiş deputat həbsindən öncə bir neçə status paylaşaraq Söyüdlü kəndində ekoloji problemlərdən bəhs etmişdi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
İyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu deyilir.
İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.
Prezident habelə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə ən azından səhlənkarlıq etdiyini deyib. Bu çıxışdan iki gün sonra rəsmi olaraq Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.