Həbsdə olan keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin ona əlavə cinayət işinin açılacağı ilə təhdid edildiyi bildirilir.
Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.
Onun sözlərinə görə, bu təhdidlərin Bəydəmirlinin özünü “ekologiya məhbusu” adlandırması ilə bağlı olduğu deyilir.
Hüquq müdafiəçisinin sözlərinə görə, Nazim Bəydəmirliyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bildirilib ki, özünü “ekologiya məhbusu” adlandırmasını dayandırmasa ona mənimsəmə və digər bu kimi ittihamlarla yeni cinayət işi açılacaq.
Ancaq hüquq müdafiəçisi bu iddianın mənbəyini göstərməyib.
Onun dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən də münasibət öyrənmək mümkün olmayıb.
Nazim Bəydəmirlini bu il iyulun 4-də DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi saxlayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ittiham irəli sürülüb. Bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məhkəmə onun barəsində ilkin olaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma adlandırıb və hüquqi əsasının olmadığını bildirib.
Müdafiə tərəfinin açıqlamasına görə, o habelə vurğulayıb ki, həbsin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl emalı müəssisəsinin ətraf mühiti çirkləndirməsilə bağlı yerli sakinlərin etirazları ilə əlaqədar çıxışlarıdır.
Buna da bax: Nazim Bəydəmirlinin ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilibXatırlatma
Bu il iyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, saxlananlar olub.
İyulun 11-də prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələdə ən azından səhlənkarlıq etdiyini deyib.
İyulun 13-də Gədəbəyin Söyüdlü kəndində qızıl yatağını istismar edən şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb.