Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb

Nazim Bəydəmirli

Noyabrın 1-də keçmiş deputat və sahibkar Nazim Bəydəmirlinin həbs müddəti daha üç ay uzadılıb. Bu barədə onun vəkili Aqil Layıc bildirib.

Müdafiə tərəfi bununla bağlı məhkəmənin qərarını əsassız hesab edir və ondan şikayət etmək niyyətini açıqlayıb.

Nazim Bəydəmirli bu il iyulun 4-də Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunaraq saxlanıb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib.

Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb.

Müdafiə tərəfinin bildirməsinə görə, Nazim Bəydəmirli hesab edir ki, o ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür.

Sentyabrın 1-də Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsilə daha bir ittiham irəli sürülüb. O, bu ittihamı da qəbul etmir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?

Xatırlatma

Bu il iyunun 20-də Gədəbəy rayon Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər.

Polis etirazlara gözyaşardıcı qazdan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).

İyulun 11-də prezident İlham Əliyev hökumətin iclasında Söyüdlüdəki etirazlardan danışarkən vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.

Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.

Amma daha sonra, sentyabrın 26-da Baş nazir yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın iclası keçirilib.

İclasda Böyük Britaniyanın "Micon International Co Limited" şirkətinin ərazidə apardığı monitorinqlərin nəticələrinə dair hesabat müzakirə olunub.

Hesabata görə, ərazidə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bununla belə mədənin mərhələlərlə fəaliyyətə başlaması məqbul sayılıb.