Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamalarına görə, 2022-ci ilin 11 ayında Azərbaycanın ixracında neft və qaz sektorunun payı 92.6 faiz təşkil edib. Qalan 7.4 faiz qeyri-neft ixracatının payına düşür. Bu sektora daxil olan malların ixracı üzrə valyuta gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə ötən ilin 11 ayında 2.2 dəfə ataraq 33.6 milyard dollar təşkil edib. Bu isə o deməkdir ki, Azərbaycanda 10 ildən çoxdur şaxələnmədən danışılsa da, ixracda neft-qaz sektorunun payı azalmaq bilmir.
Buna da bax: 2022-ci il iqtisadiyyat baxımından necə yadda qaldı?Son bir ildə dünyada neftin və qazın qiyməti kəskin bahalaşsa da, "qara qızıl" hasilatı Azərbaycanda durmadan azalmaqdadır. Əgər beynəlxalq neft kontraktlarının (1994) imzalanmasından bir müddət sonra Azərbaycanda illik neft hasilatı 50 milyon tona çatmışdısa, son illər bu rəqəmdə ciddi azalma müşahidə edilir. "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi" layihəsinə əsasən, 2026-cı ildə ölkədə 30 milyon 274.3 min ton neft hasil olunacağı proqnozlaşdırılır. Bu da 2023-cü ilin proqnoz göstəricisi (31 milyon 222.3 min ton) ilə müqayisədə 3 faiz azdır.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) son proqnozlarına görə, 2023-cü ildə neftin orta qiyməti 92.36 dollar təşkil edə bilər. Bu da noyabrda verilən proqnoz göstəricidən 2.97 dollar aşağıdır.
"60 dollarlıq qiymət tavanı…"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Avropa İttifaqının Rusiyadan idxal etdiyi neftin hər barelinə 60 dollarlıq qiymət tavanı müəyyənləşdirməsi birjalara təsirsiz ötüşməyib: "Dekabrın ilk günündən bəri bir bareli 90 dollara təklif edilən "Brent" markalı neftin qiyməti 83 dollaradək azalıb. Bu arada Səudiyyə Ərəbistanı da neft qiymətlərinə endirim tətbiq edib... Bu, iri istehsalçıların neft bazarında baş verənlərə və eləcə də Qərbin qərarlarına preventiv reaksiyasından xəbər verir".
Deputatın sözlərinə görə, bu baxımdan, 2023-cü il üçün neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar, hələlik, nikbin deyil.
Buna da bax: 2023-də dünya iqtisadiyyatını nə gözləyir?"İxracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması…"
O qeyd edib ki, Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir: "Valyuta daxilolmalarının 80 faizi neft və neft məhsullarının payına düşür. Ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Bu baxımdan, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir".
"Bu ildən neftin qiyməti aşağı düşməlidir"
İqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, bu yaxınlarda qeyri-neft sektoruna aid edilən üç pozisiya üzrə də ən çox ixrac olunan məhsulların siyahısı açıqlanmışdı: "Bunlardan biri karbamid, ikincisi pambıq lifləri, üçüncüsü isə qızıl idi. Karbamidin qeyri-neft məhsullarına aid edilməsi doğru deyil, çünki o, təbii qazdan istehsal olunur. Beləliklə, hökumət "qeyri-neft sektorunun inkişafı sürətlə gedir" adı ilə statistikanı dəyişir".
Ekspert qeyd edib ki, ötən il neftin və qazın qiymətlərinin bahalaşması geosiyasətlə bağlıdır: "Rusiyanın Ukraynaya hücumu, Suriyada müharibənin davam etməsi qiymətlərin bahalaşmasını şərtləndirdi. Eyni zamanda, Çində, ABŞ-da və digər ölkələrdə koronavirus pandemiyasından sonra inkişaf daha sürətlə başladı və neftə olan tələbat artdı. Ancaq Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, bu ildən başlayaraq növbəti illərdə neftin qiyməti aşağı düşməlidir və 2025-ci ildən sonra 60-70 dollardan yuxarı olmayacaq, getdikcə daha da azalacaq".
"Çox təəssüf ki…"
İqtisadçının fikrincə, neft erası bitir və alternativ enerjidən daha çox istifadə olunacaq: "Avropa İttifaqına daxil olan ölkələrdə 2025-ci ildən başlayaraq daxili yanma mühərriklər qadağan olunmağa başlamalıdır. Dünyada bir çox ölkələr alternativ enerjiyə keçir. Bu ona işarədir ki, mazut və neftlə işləyən elektrik stansiyaları da azalacaq".
Buna da bax: Azərbaycanın xarici ticarət göstəriciləri nəyin hesabına artıb?N.Bəydəmirlinin sözlərinə görə, beləliklə, neft və qaz ölkələri üçün perspektiv elə də yaxşı görünmür: "Çox təəssüf ki, Azərbaycan hökuməti neft və qazın bahalığını bir fürsətə çevirmədi, qeyri-neft sektorunu inkişaf etdirmədi, vətəndaşlarının vəziyyətini yaxşılaşdırmadı".