Keçmiş icra başçısına 10 il həbs

İsmayıl Vəliyev

Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev 10 il azadlıqdan məhrum edilib. Oktyabrın 29-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu barədə hökm çıxarıb. Hökmə əsasən, o, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. vəzifə cinayətlərində suçlu sayılıb.

Vəliyevlə yanaşı, keçmiş başçının birinci müavini Vurğun Əkbərov, ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri olmuş Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Anar Cəfərov, rayonun Təhsil şöbəsinə rəhbərlik etmiş Əjdər Kərimov, Neftçalanın Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov da cəzalandırılıb.

Təqsirləndirilən şəxslərdən Sadıqova istintaq və məhkəmə dövründə həbsdə deyildi. Oktyabrın 29-da hökmdən dərhal sonra o da məhkəmə zalında həbs edilib. Hökmə əsasən, icra başçısının sabiq müavini 6 il 6 ay azadlıqdan məhrum edilib.

İsmayıl Vəliyev özünü qismən təqsirli bilib, son sözündə məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib. Onunla birlikdə təqsirləndirilən digər məmurlar isə özlərini təqsirli bilmirlər.

Xatırlatma

İsmayıl Vəliyev 2005-2011-ci illərdə Qobustan rayonunun, 2011-ci ildən 2020-ci ilin fevralında həbs olunana qədər isə Neftçalanın icra başçısı olub.

Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.

Həbs olunanlardan Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev 9 il, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 7 il 6 ay, Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov isə 8 il 6 ay azadlıqdan məhrum edilib. Quliyev hökmdən az sonra koronavurusa yoluxub və sentyabrın 5-də vəfat edib.