‘Abzas Media işi’ üzrə tutulanların ittihamı ağırlaşdırılır

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov

"Abzas Media işi" üzrə digər həbs olunan şəxslərin- nəşrin direktoru Ülvi Həsənlinin, baş redaktoru Sevinc Vaqifqızının, araşdırmaçı jurnalist Hafiz Babalının və reportyor Elnarə Qasımovanın da ittihamları ağırlaşdırılıb.

İstintaq orqanı olan Bakı Şəhər Baş Polis İdarəsi avqustun 19-da onlara qarşı yeni ittihamları irəli sürüb.

Jurnalistlərin vəkilləri deyib ki, onların ittihamları da iqtisadçı Fərid Mehralızadə, AbzasMedia" nəşrinin əməkdaşı Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamovanın ittihamları kimi eyni qaydada ağırlaşdırılıb.

Vəkillər qeyd edib ki, jurnalistlər ittihamlarla razılaşmır və ittiham barədə sənədləri imzalamaqdan imtina ediblər:

“Onlar heç bir cinayət törətmədiklərini, bu ittihamların onlara aidiyyəti olmadığını və jurnalist fəaliyyətinə görə həbs olunduqları bildiriblər”.

Müdafiə tərəfinin açıqlamasına Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Fərid Mehralızadə və Məhəmməd Kekalovun da ittihamı ağırlaşdırılıb

Avqustun 16-da "AbzasMedia işi" üzrə həbs olunan iqtisadçı Fərid Mehralızadəyə qarşı da 7 maddə ilə yeni ittiham irəli sürüldüyü bildirilir. Bu barədə məlumatı onun həyat yoldaşı Nərgiz Muxtarova verib.

Onun deməsinə görə, F.Mehralızadəyə verilən yeni ittihamda yer alan maddələr də Nərgiz Absalamovanın yeni təqsirləndirildiyi maddələrlə eynidir. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, bunun mütəşəkkil dəstə ilə törədilməsindən, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir.

Üstəlik, bu iş üzrə təqsirləndirilənlərdən "AbzasMedia" nəşrinin əməkdaşı Məhəmməd Kekalovun da ittihamının eyni qaydada ağırlaşdırıldığı bildirilir.

Nərgiz Absalamovaya ittiham ağırlaşdırılıb

Avqustun 16-da "AbzasMedia işi" üzrə istintaqa cəlb olunmuş jurnalist Nərgiz Absalamovaya qarşı yeni bir çox maddə ilə ittiham irəli sürülüb.

Bu barədə məlumatı jurnalistin vəkili Şəhla Hümbətova yayıb.

"Nərgiz Absalamovaya qarşı Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq - xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma-mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə), 206.4 (qaçaqmalçılıq - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2-ci (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb", - vəkil qeyd edib.

Yeni ittihamlarla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Hələlik, vəkilin açıqlamasına istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

N.Absalamova ötən il noyabrın 30-da "AbzasMedia işi" üzrə ikinci dəfə Bakı şəhər Baş Polis İdarəsində dindiriləndən sonra saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan bu müddət iki dəfə uzadılıb.

O, ittihamları qəbul etmir.

Əvvəlki maddə ilə isə şəxsə maksimum 8 il cəza nəzərdə tutulur.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların əvvəlcə çoxu "AbzasMedia işi" ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Amma onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.