Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb 47 gün sonra sonra yandırılmış vəziyyətdə meyiti tapıldığı iddia olunan Nərmin Quliyeva ilə bağlı məhkəmə prosesi davam etdikcə müəmmalar da artır. Bu işlə bağlı dindirilmiş eyni adamların prokurorluqda verdikləri ifadələrlə məhkəmədə dedikləri arasında ziddiyyətlər ortaya çıxır.
10-yaşlı Nərmin itkin düşdüyü gün öncə əmisi Arif Quliyevgilə gedib, atasının göndərdiyi sellofan torbadakı gödəkcəni verib. Ardınca da üzbəüzdə - təxminən 15 metr məsafədə yaşayan digər əmisi Lətif Quliyevgilə keçərək orada atası Şərifə aid gödəkcəni götürməyə gedib. Orada həmyaşıdı və sinif yoldaşı olan əmisi oğlu Ayxandan atasının gödəkcəsini alıb. Ondan sonra da azyaşlı qız itkin düşüb.
Ziddiyyət
Ayxan Quliyevin dindirməsi martın 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. Azyaşlı Ayxan istintaqa ifadəsində deyib ki, hamamdan Nərminin atasının gödəkcəsini gətirib ona verib. Evdən sellofan torba götürüb geri qayıdanda görüb ki, Nərmin yoxdur. Dərhal arxasınca küçəyə çıxsa da, artıq əmisi qızını görməyib. Məhkəmədə isə deyir ki, yox, heç küçəyə çıxmayıb, müstəntiqə də belə ifadə verməyib.
Ayxan əmisi qızının onlara nə vaxt gəlməsi ilə bağlı da prokurorluqda başqa cür, məhkəmədə isə fərqli danışıb. Azyaşlı şahid bu fərqi də heç cür izah edə bilmir.
Bu işdə diqqət çəkən məqamlardan biri də Nərminin əynində olmuş paltarlarla bağlıdır. Azyaşlı qızın məhkəmədə dindirilən yaxınlarının hamısı hadisə günü onun əynində olan paltarları dəqiqliklə bir-bir sadalayır. Onların sadaladıqları isə yandırılmış meyitin üstündə olan geyimlərdir.
Buna da bax: 'Nərmin işi'ndə geyim müəmması: 'Yanan meyitin üstündəki geyimləri...'"Paltarlarından tanıdı"
Nərminin əmisi arvadı Nailə Quliyeva da martın 2-də məhkəmədə dindirilərkən qaynı qızının geyimləri haqda danışıb. Nərmin itkin düşdüyü gün – 19 noyabr 2019-cu ildə öncə bu əmisigilə gəlib.
"Əlində göy paket vardı. Dedi ki, əmi, sənin kurtkandır, atam göndərib, gedirəm nənəmgildən anamın kurtkasını da götürüm, gedim. Qayınanam o biri qaynımgil ilə qalır, evləri yolun o biri üzündədir. Saat yarım sonra bacısı Şəbnəm gəldi ki, Nərmin evə gəlib çıxmayıb. Axşam qaynımın oğlu dedi ki, Nərmin itib", – Nailə Quliyeva bildirib.
Onun sözlərinə görə, 47 gün sonra – 2020-ci il yanvarın 6-da əri Arif Quliyev qardaşı qızını paltarlarından tanıyıb. Çünki uşaq itkin düşdüyü gün onlarda olmuşdu. Hərçənd, şahid etiraf edir ki, əri də meyiti yaxından görməyib: "Polislər yaxına buraxmırdı, 10-15 metrdən gördü. Paltarlarından tanıdı. Ayağında krossovkaya oxşar ayaqqabı olub, cins şalvar, "rozovıy" kurtka, papaq, qırmızımtıl köynək...".
Vəkillər Quliyevadan soruşub ki, uşağın meyitini yuyan, onu yaxından görən olubmu? Şahid bu suala konkret cavab verməyib. Öncə deyib ki, uşağın bibiləri meyiti yumağa getmişdi. Sonradan ifadəsini dəyişərək bildirib ki, meyiti kimin yuduğunu bilmir.
Buna da bax: 10-yaşlı Nərminin ölümü: 'Bunlar necə valideyndir ki, nə ata meyitə baxıb, nə ana...'Cinayət işinin materiallarında iddia olunur ki, azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan İlkin Süleymanov yanvarın 10-da tutulub. Lakin vəkillərin suallarını cavablandıran Quliyeva bildirib ki, Süleymanov yanvarın 6-da aparılıb, bir daha da buraxılmayıb.
Məhkəmə prosesi martın 9-da Nailə Quliyevanın dindirməsi ilə davam edəcək.
Şübhələr
İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov AzadlıqRadiosuna bildirib ki, şahidlərin məhkəmədə verdikləri cavablar onların öncədən öyrədilməsi, konkret yönləndirilmələrlə bağlı şübhələr yaradır. Vəkilin sözlərinə görə, çətin vəziyyətə düşəndə "xatırlamıram", "yadımda deyil" kimi üsullardan istifadə etmələri, amma Nərminin əynində olan geyimləri xırda detallara qədər sadalamaları inandırıcı deyil.
İlkin Süleymanovun qardaşı Adil Süleymanov deyir ki, şahidlərin israrla geyimləri sadalaması səbəbsiz deyil.
"Sübut eləmək istəyirlər ki, o meyit Nərmindir, həmin geyimlər də Nərminin üzərində olub. Halbuki, məntiq var. İş materiallarında yanmış meyitin fotoları var. Meyit tanınmaz vəziyyətdədir. Necə ola bilər ki, meyit o vəziyyətdə yanıb, amma üstündəki paltarlar qalıb? Yanvar ayında, axşam saat 8 radələrində hava qaranlıq olur. 10-15 metrdən o qaranlıqda əmisi paltarlarından necə tanıdı onu? Bu qədər yalan olmaz axı...", – Süleymanov bildirib.
Buna da bax: 10-yaşlı Nərminin oğurlanıb öldürülməsi işi: 'Qaralov vəzifəsindən sui-istifadə edib'Xatırlatma
48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.