Deputatlığa namizəd Nəsiman Yaqublu seçicilərlə görüşdən qayıdanda həlak olub

Nəsiman Yaqublu

Dünən, avqustun 25-də Bakı Dövlət Universitetinin müəllimi, deputatlığa namizəd Nəsiman Yaqublunun avtomobil qəzası nəticəsində öldüyü açıqlanıb.

Qəzanın onun namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri ilə görüşmək məqsədilə Zəngilan rayonuna etdiyi səfərdən geri dönərkən Cəbrayıl rayonu ərazisində baş verdiyi bildirilir.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin məlumatına görə, N.Yaqublu idarəetməni itirərək maşını yol kənarına aşırıb: "Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır".

Müsavat: “Müəmma var”

Ölümlə bağlı onun ailəsi hər hansı açıqlama yaymayıb.

Üzv olduğu Müsavat Partiyasından isə bildiriblər ki, ölümdə müəmmalar var.

"Çünki dümdüz yolda qəza niyə olmalıdır? Nəsiman bəy də gənclikdən maşın sürən bir adam olub. İkinci məsələ ondan ibarətdir ki, qəzaya düşəndən sonra o, xəstəxanaya çox gec çatdırılıb", - deyə partiyadan qeyd edib.

Partiyadan vurğulayıblar ki, qəza Cəbrayıl rayon ərazisində baş verib:

“Orada xəstəxana olmadığı üçün onu gətiriblər Füzuliyə. Hadisə yerindən xəstəxanaya qədər yarım saatlıq yoldur. Amma Nəsiman bəy xəstəxanaya təxminən 1 saat 20 dəqiqədən sonra çatdırılıb. Ona görə də ölüm səbəblərinin araşdırılması çox vacibdir".

Lakin partiyadan bu deyilənlərə, rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Artıq Nəsiman Yaqublunun ölümü ilə bağlı cinayət işi başlanılıb.

Cəbrayıl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə istintaq aparılır.

Nəsiman Yaqublu kimdir?

N.Yaqublu 1962-ci il fevralın 22-də Zəngilan rayonunun Zəngilan kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib və Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub.

N.Yaqublu 1990-cı ildə stalinizmin qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib.

2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

O, 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib.

N.Yaqublu namizədliyini müxalifətdə olan Müsavat Partiyasindan vermişdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Nəsiman Yaqublu: 'Gələn il yüzillik yubiley günlərində aparıb bir dəstə gül qoymağa bir məzar tapmayacağıq'

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək.

Seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan əvvəlki parlament seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi" ilə izah edilmişdi.

Bir sıra müxalifət partiyaları isə bəyan etmişdi ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tələsik saxtalaşdırıb.