İyulun 9-da Moskvada İkinci Qərb Dairəsi Hərbi məhkəməsi 32 yaşlı pinəçi Nikolay Kolinə 14 il həbs cəzası kəsib. Səbəb onun işğalçı Rusiya qüvvələrinə qarşı Ukrayna tərəfdə döyüşən Rusiya Könüllülər Korpusuna (RDK) 10 min rubl göndərməsidir.
2023-cü ilin aprelində həbs edilən Kolin terrorçuluğu maliyyələşdirməkdə təqsirli bilinib.
Məhkəmə ona 300 min rubl məbləğində cərimə də kəsib.
Kolinin vəkili məhkəmənin qərarını "humanist" sayıb, belə ki ittihamda 21 il azadlıqdan məhrumetmə və 500 min rubl cərimə nəzərdə tutulurdu.
O, həbs olunanadək pinəçi işləyib, siyasətlə, tarixi rekonstruksiya, irland rəqsləri və qılıncoynatma ilə maraqlanıb.
Kolinin özünü təqsirli bilib-bilmədiyi bəlli deyil.
Noyabrda Moskva məhkəməsi RDK-nin komandiri Denis Kapustini vətənə xəyanət ittihamıyla ömürlük həbsə məhkum edib.
RDK son aylar Belqorod vilayətində Rusiya hərbi obyektlərinə bir neçə hücuma görə məsuliyyəti üzərinə götürüb.
Rusiya Baş Prokurorluğunun 2022-ci ilin fevralında verdiyi qərara görə, fəaliyyəti Rusiya Federasiyasının təhlükəsizliyinə yönəlmiş xarici ölkə, yaxud təşkilata maliyyə yardımı göstərmək vətənə xəyanət sayıla bilər.