Niyaməddin Əhmədovun atası: 'Günəmuzd işləyən adama deyirlər ki, 'terrorçusan''

Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov haqqında 13 illik həbs hökmü qüvvədə saxlanıb. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. Martın 2-də bu barədə qərar elan edilib.

AXCP fəalının atası Arif Əhmədov AzadlıqRadiosuna bildirib ki, qərarı əsassız və qanunsuz hesab edir. Onun sözlərinə görə, növbəti dəfə məhkəmə qanunlara və ədalətə yox, sifarişə söykənərək qərar çıxardı: "Mən bu yaşımda anlaya bilmirəm ki, bu ölkənin məmurları niyə belə zalımdır? Mərd, ölkəsini sevən adamları sındırmağa çalışırlar. Əsl terrorçuları buraxırlar, ölkənin qeyrətini çəkənləri cəzalandırırlar. Rüşvətxorlar adalarda, kefdə-damaqdadır, kasıb, kirayədə yaşayan, günəmuzd işləyən adama deyirlər ki, "sən terrorçusan". İnsanda ləyaqət, vicdan yaxşı şeydir...".

Buna da bax: Əli Kərimlinin mühafizəçisi: ‘Məni soyundurdular, zorlamaqla hədələdilər…’

"Hakimiyyət, vəzifə nədir ki..."

Əhmədov əlavə edib ki, apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər. Hərçənd, ata Ali Məhkəmədən də ədalətli nəticə gözləmir. Onun sözlərinə görə, bu işdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək. Bundan ötrü isə ölkədaxili bütün hüquqi müdafiə vasitələri tükəndirilməlidir. Ali Məhkəməni də mütləq keçmək lazımdır.

Oğlunun həbs olunarkən və həbsdə olduğu müddətdə işgəncələrə məruz qaldığını deyən Əhmədovun sözlərinə görə, nəticədə onun səhhətində ciddi problemlər yaranıb. Atasının dediyinə görə, işgəncələrlə əlaqədar prokurorluğa şikayət olunsa da, şikayətləri obyektiv araşdırılmayıb, faktlara düzgün hüquqi qiymət verilməyib.

"Bu hökumətin öz xalqına, öz vətəndaşına qoyduğu qiymət budur. Bundan utanmaq lazımdır. Hakimiyyət, vəzifə nədir ki, ondan ötrü insana zülm edəsən...", - Arif Əhmədov əlavə edib.

Buna da bax: 'Mənə dedilər ki, ya Əli Kərimlini seçməlisən, ya da atanı...'

Xatırlatma

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamıyla bir ay inzibati həbsdə saxlanıb. Bu cəza başa çatdığı gün isə CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb. İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib.

AXCP bəyan edib ki, Əhmədovun həbsinin səbəbi Əli Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır.

Əhmədovun işgəncə iddiaları ilə bağlı prokurorluq orqanlarına ünvanlanmış şikayətlərinə cavab gəlmədiyi bildirilir.

Hüquq-mühafizə orqanları isə, adətən, həbsdə olanların işgəncə iddialarını təkzib edir, bunu məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirirlər.