Niyaməddin Əhmədovun aclıq aksiyasını dayandırdığı deyilir

Əli Kərimli və Niyaməddin Əhmədov 19 oktyabrf aksiyası zamanı

Martın 15-dən 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Niyaməddin Əhmədovun artıq qida qəbul etdiyi açıqlanıb.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, bu gün, martın 27-də 12 saylı Cəzaçəkmə Müəssisəsində N.Əhmədov atası Arif Əhmədov ilə görüşüb: "Niyaməddin Əhmədov partiya yoldaşlarının və ailə üzvlərinin xahişini nəzərə alaraq aclıq aksiyasını dayandırıb. Həmçinin cəzaçəkmə müəssisəsində onun aclıq aksiyasına səbəb olmuş bəzi problemlər həll olunub".

26 mart

AXCP-nin həbsdə olan üzvü Niyaməddin Əhmədovun artıq iki həftədir 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat verilib.

Martın 26-da N.Əhmədova baş çəkən vəkil Fəxrəddin Mehdiyev deyir ki, onun vəziyyəti ağırdır, qan təzyiqi aşağı düşüb, güclü başgicəllənmə və ümumi zəiflik var: "Buna baxmayaraq, ona tibbi yardım göstərilmədiyini dedi".

Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

21 mart

Niyaməddin Əhmədovun aclıq aksiyasi keçirdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvü Niyaməddin Əhmədovun 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

Partiyadan deyilib ki, N.Əhmədov martın 15-də aksiyaya başlayıb və artıq 7 gündür ki, aclıq edir: "Niyaməddin Əhmədov idmanla məşğuldur və ona müəyyən qida əlavələri lazım olur. Lakin göndərilən həmin qida əlavələri ona verilmirdi, onların qadağan olduğu deyilib. Bundan əlavə, qohumlarla görüşə problem yaradılmışdı. Hətta daxili nizam-intizam qaydalarını əks etdirən istədiyi kitabça da ona verilməyib. Niyaməddin bütün bunlara etiraz etdiyi üçün karsa (cərimə kamerasına) salınmışdı".

AXCP-dən qeyd olunub ki, cərimə kamerasından çıxdığı gün onun saçını zorla qırxıblar.

Partiyadan vurğulandığına görə, N.Əhmədov da məhz bütün bunlara etiraz olaraq aclıq aksiyasına əl atmalı olub.

Penitensiar Xidmətin mətbuat xidmətindən "Turan"a bildirilib ki, məhkum N.Əhmədov ilə bağlı deyilənlər tam əsassızdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rejimə uyğun olaraq (ayda 1 dəfə) ona yaxın qohumları ilə görüş təqdim olunur: "Sonuncu dəfə 10 mart tarixində atası ilə görüşməsinə şərait yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sovqat, banderol almaq hüququ təmin edilir. Aclıq etməsi ilə bağlı müəssisə rəhbərliyinə heç bir müraciəti daxil olmayıb, hazırda cəzasını ümumi məhkum kütləsi ilə birlikdə çəkir".

Xatırlatma

AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu deyilən N.Əhmədov 2020-ci ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham edilib. İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) - ittiham verilib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əhmədovu 13 il azadlıqdan məhrum edib.

N.Əhmədov özünü təqsirli bilmir və ittihamları öz siyasi fəaliyyəti ilə əlaqələndirib. Bir çox hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.