'Prezidentin qərarını saymırsınız?' - deyə köçkünlər etiraz edir

Nizami rayonunda məskunlaşan məcburi köçkünlər etiraz edir. 16fev2017

Bu gün, fevralın 16-da Nizami rayonunda məskunlaşan məcburi köçkünlərin etiraz aksiyası keçirdikləri bildirilir. Səbəb yenə də sayğacların quraşdırılması göstərilir.

Bu haqda Nizami rayonu Mehdi Abbasov küçəsindəki uşaq bağçalarından birində məskunlaşan məcburi köçkünlərdən Əfqan Ağamalıyev məlumat verib.

Onun deməsinə görə, bu gün (16 fevral) səhər saatlarında uşaq bağçasına “Azərişıq” ASC-nin regional idarəsindən nümayəndələr gəliblər. Onlar məskunlaşanlara xəbər etmədən sayğac quraşdırmaq istəyiblər.

Buna da bax:​ Prezident köçkünlərlə bağlı verdiyi fərmanı dəyişdi

Bundan xəbər tutan məcburi köçkünlər etiraza başlayıblar.

“Cənab prezident qərar vermişdi ki, sayğac quraşdırılsın. Sonra gördü ki, məcburi köçkünlər bundan ziyan çəkəcək, qərarını dəyişdi. İndi niyə gəlmisiniz bura? Prezidentin qərarını saymırsınız?”, deyə məcburi köçkünlər işıq idarəsi nümayəndələrinə sual ediblər.

Köçkünlərin deməsinə görə, özünü təqdim etməyən rəsmilər isə qərardan xəbərsiz olduqlarını deyiblər.

Rəsmilər sayğac quraşdırılması qərarı barədə danışmayıblar. Onlar sadəcə, sayğacların icra hakimiyyətinin qərarı ilə quraşdırılmalı olduğunu deyiblər.

Buna da bax:​ Bu məcburi köçkünlərin sayğaclaşma problemi yoxdur...

Etirazların sonunda “Azərişıq” ASC-nin nümayəndələri ərazini tərk ediblər.

Məsələyə, hələlik, “Azərişıq” ASC-dən və Nizami rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ölkə başçısı yanvarın 23-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman imzalamışdı.

Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət verilməlidir.

Buna da bax:​ Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik'

Bu son günlər məcburi köçkünlərin etirazları ilə qarşılanmışdı.

Sonradan, fevralın 14-ü prezident yeni bir fərman verdi.

Sənəddə qeyd edilirdi ki, əvvəlki fərmanın 1.1. 1-ci hissəsində “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər”dən sonra fərdi qaydada sayğacların quraşdırılması, texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerində (yataqxana, pansionat) təbii qazla təmin olunmayan məcburi köçkünlər istisna olmaqla sözləri əlavə edilsin.

Buna da bax: Sayğaclaşmaya etiraz dalğası genişlənir (Video)

Bu fərmanda, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də tapşırıq verilirdi. Yəni, komitə fərdi qaydada sayğacların quraşdırılması, texniki istismarı mümkün olmayan, təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərin sayını, yerlərini, adlı siyahılarını aidiyyəti üzrə “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC və “Azərsu” ASC ilə birgə müəyyən etməlidir.