Ədəbiyyat sahəsində Nobel mükafatlarını təqdim edən İsveç Akademiyasının yeni açılmış arxivlərində maraqlı sənədlər aşkarlanıb. Bu sənədlərdən Nobel münsiflərinin dissident Aleksandr Soljenitsının 1970-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüləcəyi halda vətənində üzləşə biləcəyi ağır nəticələrdən nə qədər narahat olduğu görünür.
"Öz işlərində Stalin QULAQ-larını təsvir etmiş və buna görə Sovet İttifaqından köçməli olmuş "İvan Denisoviçin bir günü" əsərinin müəllifi həmin il Nobel mükafatına layiq görülüb", – "The Guardian" yazır.
İsveç Akademiyasının müvafiq arxivləri hər laureatın elanından sonrakı 50 il ərzində gizli qalır. Soljenitsına aid sənədlərdən hakimlər arasında bu qələbənin yazıçı üçün nə demək ola biləcəyi ətrafında qızğın mübarizə getdiyini görmək mümkündür.
Buna da bax: Soljenitsının romanındakı mübahisəli bölümü xatırlayanda..."Fayda, yoxsa zərər"
"Dəyərləndirilməsi hər kəs tərəfindən çətin sayılan xarici amillər var: Nobel mükafatı Soljenitsına fayda, yoxsa zərər verəcək. …Ancaq Nobel mükafatı iki fərqli siyasi maraq arasında döyüş meydanına çevrilməməlidir", – Akademiyanın üzvü Artur Lundkvist yazırdı. Bu sənədləri İsveç jurnalisti Kay Şuler görüb və "Svenska Dagbladet" qəzetində dərc etdirib.
İsveç Akademiyası bundan əvvəl 1958-ci ildə "Doktor Jivaqo" əsərinin işıq üzü görməsindən sonra Boris Pasternaka Nobel mükafatı vermişdi. Pasternak mükafatı qəbul etsə də, sonradan sovet rəsmiləri onu imtinaya məcbur etmişdi. Sovet rəsmiləri, eyni zamanda, onun romanını da qadağan etmişdilər. 1965-ci ildə mükafat yazıçı Mixail Şoloxova təqdim edilib. Şoloxov rəsmilərin qəbul etdiyi müəllif olduğundan bu dəfə məsələyə daha tolerant yanaşıblar.
Akademiyanın Henri Olsson adlı digər üzvü isə Lundkvistin fikri ilə razılaşmayıb: "Məhz 1965-ci ildə mükafatı stalinçi Şoloxova verdiyimiz üçün tərəfsizlik [prinsipi] bizim mükafatı Soljenitsın kimi sistemə daha tənqidi yanaşan bir kommunistə də verməyimizi tələb edir".
Jurnalist Kay Şulerin fikrincə, Olssonun dediklərindən belə çıxır ki, "mükafatı Şoloxova vermək Pasternakı aqressiv şəkildə təqib edən sovet dövlətini sakitləşdirməyin bir yolu idi".
Buna da bax: Yalanı sevməyən adam"Primitiv və maraqsız"
Lundkvistin Soljenitsınla bağlı başqa bir narahatlığı da var: onun işləri doğrudan da yaxşıdırmı? O zamana qədər Soljenitsın sovet QULAQ-ında bir günü təsvir edən "İvan Denisoviçin bir günü"nü, habelə "Birinci dairədə" və "Xərçəng korpusu" kimi əsas işlərini nəşr etdirmişdi. O, şah əsəri sayılan "QULAQ arxipelaqı"nı hələ Sovet İttifaqında ikən gizli yazmışdı. Bu roman 1973-cü ilə qədər çap olunmamış, növbəti ilsə müəllifin ölkədən deportasiya edilməsi ilə nəticələnmişdi.
Lundkvist yazırdı ki, onun fikrincə, Soljenitsının yazısı XX əsrə aid digər romanlarla müqayisədə "primitiv və maraqsız" görünür. Olssonsa bu fikirlə razılaşmır, iddia edirdi ki, Soljenitsın "insani bilik, empatiya gücü və güclü ədəbi məharətə malikdir".
1970-ci ildə Soljenitsın digər namizədlərə- çilili yazıçı Pablo Neruda (o, 1971-ci ildə bu mükafata layiq görülüb) və avstraliyalı müəllif Patrik Uayta (Nobel mükafatı ona 1973-cü ildə təqdim edilib) qalib gəlib. Ancaq mükafatı almaq istiqamətindəki yol heç də hamar olmayıb.
Yazıçı Kommunist Partiyası və KQB-nin bütün təzyiqləri qarşısında qorxurdu ki, mükafatı almaq üçün Stokholma getsə, sovet vətəndaşlığından məhrum ediləcək və evə qayıtmasının qarşısı alınacaq.
Buna da bax: SSRI-nin çöküşü əslində bu romandan başlandı...Mühazirəsinin neqativlərini Helsinkiyə göndərir
Mükafatı ona İsveçin Moskvadakı səfirliyində təqdim etmək təklifi səslənir. Ancaq bu təklif Soljenitsını çox qəzəbləndirir. O bu vəziyyəti "Nobel mükafatının özü üçün təhqir" sayır, hətta qələbəsinin "utancverici, insanlardan gizlədilməli bir şey" olub-olmadığını sorğulayır.
Daha sonra mükafatı ona Moskvadakı mənzilində vermək istəyirlər. Mükafatı təqdim etməli olan İsveç Akademiyasının daimi katibi Karl Raqnar Qirova viza verilməyəndə Soljenitsın qəzəblənərək akademiyaya açıq məktub yazır. Məktubda o xahiş edir ki, Nobel mükafatı qeyri-müəyyən müddətə saxlanılsın. "Əgər mən kifayət qədər yaşamasam, mükafatı almağı oğluma həvalə edirəm", – o yazır.
Ancaq Soljenitsın hələ də Nobel mühazirəsini oxumaq istəyirdi. İsveçli xarici müxbir Stiq Fredrikson yazıçı ilə görüşüb onun mühazirəsinin neqativlərini gizlicə Helsinkiyə keçirir. Mühazirə 1972-ci ildə beynəlxalq mətbuatda dərc edilir.
Soljenitsınsa 1974-cü ildə SSRİ-ni tərk edəndən sonra Nobel mükafatını Stokholmda alır. O, ailəsi ilə birlikdə ABŞ-a köçərək burada 20 il yaşayır. 2008-ci ildə 89 yaşında Moskvada vəfat edir.