Norveç hakimiyyəti Rusiya ilə sərhəddə, Finlandiyadakına oxşar hasar çəkməyin mümkünlüyünü nəzərdən keçirir. Bunu Norveçin ədliyyə naziri Emili Enger Mel deyib, NRK yazır.
Onun sözlərinə görə, hasar bütünlükdə 198 kilometrlik quru sərhədi, yaxud onun bir hissəsi boyunca çəkilə bilər.
“Bu sərhədboyu hasar təkcə çəkindirici faktor rolu oynadığına görə maraqlı deyil. Ondakı ötürücülər və texnologiya sərhədə yaxınlaşan adamların aşkarlanmasına imkan verəcək”, – Mel deyib.
Nazirin sözlərinə görə, Norveç hakimiyyəti digər addımları da nəzərdən keçirir – sərhədçi sayının artırılmasını, Sturskuq (Rusiya tərəfdə Borisoqlebsk) yeganə avtomobil buraxıcı məntəqəsində nəzarətin gücləndirilməsini. 2016-cı ildə Norveç hakimiyyəti bu rayonda 200 metrlik, üç metr yarım hündürlükdə hasar tikmək qərarına gəlib. Məqsəd Rusiya ərazisindən gələn Suriya, Əfqanıstan, İraqdan qaçqın axınını önləmək idi.
NRK onu da qeyd edir ki, Norveç-Rusiya sərhədini nadir hallarda qanunsuz keçirlər: polisin ötən il verdiyi bəyanata görə, Ukraynada təcavüzkar müharibə başlayandan Norveçdən Rusiyaya qanunsuz olaraq üç nəfər keçib.
Finlandiya parlamenti 2022-ci ilin iyulunda qanun qəbul edərək Rusiya ilə sərhəddə baryerlərin qurulmasına, 1300 km-lik sərhədin sığınacaq istəyənlərdən qorunmasına icazə verib. Hasarın 3 km-lik hissəsi ötən il açılıb. Finlandiya hökuməti 2026-cı ilin sonuna hasarın tikintisini tamamlamağa çalışır.
2023-cü ildə Rusiya ərazisindən Finlandiyaya keçən miqrantların sayı kəskin artıb. Onlar əsasən Afrika, Orta Asiya və Yaxın Şərq ölkələrindən olublar, Finlandiyada sığınacaq istəyiblər. Finlandiya hökuməti isə Rusiyanı miqrasiyadan siyasi təzyiq vasitəsi kimi istifadədə suçlayıb, sərhədi tam bağlayıb. Rusiya ittihamları rədd edib.
Ötən il Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasar çəkməyə başlayıb.