Nyu-Yorkun meri Erik Adamsa (Eric Adams) qarşı cinayət ittihamları irəli sürülüb. Bu barədə "The New York Times" mənbələrə istinadla yazır. Şəhərin tarixində ilk dəfə olaraq vəzifədə olan mer cinayət törətməkdə ittiham edilir.
İttihamlar rəsmən elan edilməyib. Amma Nyu-York prokurorluğu bir ildir ki, merin bəzi müşavirləri və köməkçiləri, o cümlədən onun təhlükəsizlik məsələləri üzrə müavini ilə bağlı təhqiqat aparır. Bu yaxınlarda Nyu-York polisinin rəisi, Nyu-Yorkda məktəblər üzrə idarəçi vəzifələrindən istefa veriblər.
Seçki kampaniyasının maliyyə mənbələri araşdırılır
Şəhər mediasının yazdığına görə, federal prokurorluq Adamsın seçki kampaniyasının maliyyə mənbələrini araşdırır. O, 2021-ci ildə Nyu-Yorkun meri vəzifəsinə namizədliyini verib.
Prokurorlar ötən ilin payızından bəri Adams ilə maraqlanmağa başlayıblar. FTB agentləri onu bir ictimai tədbirdən sonra saxlayaraq smartfon və planşetini müsadirə ediblər.
Adams Nyu-Yorkun tarixində ikinci qaradərili merdir. O, daha öncə polis kapitanı olub, cinayətkarlığın azaldılması, ABŞ-nin ən böyük şəhərinin idarə olunmasında peşəkarlığın artırılması devizi ilə kampaniyalar aparıb.
Adams sentyabrın 25-də axşam yaydığı videomüraciətdə deyib ki, ona qarşı istənilən ittihamlar "tamamilə yalandır". Dediyinə görə, federal prokurorların diqqətini ona görə çəkib ki, "nyu-yorkluları müdafiə edib". Adams istefaya getməyəcəyinin anonsunu verib.
"The Associated Press" yazır ki, merə qarşı ittihamlar sentyabrın 26-da açıqlana bilər.