Ekspert: 'Ofşorlar haqda qərar qanuna ziddir'

Əliyevlər ailəsinin ofşor izləri

“Nazirlər Kabinetinin ofşor zonalar barədə qərarı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa ziddir”.

Hüquqşünas Əkrəm Həsənov açıqlamasında belə deyib.

O, Nazirlər Kabinetinin yanvarın 6-da təsdiq etdiyi “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların siyahısı”nı şərh edib.

Hüquqşünas deyib ki, Nazirlər Kabinetinin məntiqi aydın deyil.

Buna da bax:​ Bə Vircin adaları?

Məhdudlaşdırmanın siyasi, iqtisadi səbəbi olmalıdır

“Siyahıda Britaniya, Niderland kimi ölkələrin əraziləri də var, müstəqil dövlətlər də. Amma bu tipli başqa ofşorlar da var ki, siyahıda adları yoxdur”, deyən ekspert qeyd edib ki, hər hansı ofşor zonaya dair məhdudlaşdırmanın ya siyasi, ya da iqtisadi səbəbi olmalıdır.

“Siyasi səbəb məsələn, Azərbaycana qarşı olan ölkə və sair ola bilər. İqtisadi səbəb kimi ofşorun verdiyi imkanların iqtisadiyyatımıza zərər vurması, vergi dərəcələrinin çox aşağı olması, yaxud heç olmaması göstərilə bilər. Nazirlər Kabineti öz siyahısını əsaslandırmayıb”, hüquqşünas bildirib.

Ekspertin fikrincə, siyahı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa ziddir.

Buna da bax: Azərbaycan ofşor şirkətlərdən necə vergi alacaq?

"Qanunun 48.2.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması olmalıdır. Lakin reallıqda əksər hallarda belə əsaslandırmalar ya yoxdur, ya da çox bəsitdir. Konkret halda hesab etmək olar ki, siyahı konkret maraqlara xidmət edir. Artıq mövcud səhmdarların mənsub olduqları ofşor zonalar siyahıya daxil edilməyib", deyə Əkrəm Həsənov hesab edir.

Xatırlatma

Nazirlər Kabinetinin qərarı 2015-ci il iyulun 1-də qüvvəyə minən “Qiymətli kağızlar bazarı haqqında” Qanunun icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Buna da bax:​ Bakı Avropa siyasətçisinə rüşvəti Britaniya ofşorları ilə ödəyib?

Siyahıya bu ofşorlar daxil edilib: Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland),Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu, ABŞ Virgin adaları.

Bu siyahıda Britaniya Virgin adaları, Men, Cersi, Kayman adaları və s. kimi məşhur ofşorların adı yoxdur.