“ Gürcüstan işi ” hesabatı açıqlanacaq

Oqtay Gülalıyev

Siyasi Məhbusları Müdafiə Mərkəzi yaxın günlərdə ictimaiyyətə“Gürcüstan işi: təqiblər, həbslər və mövcud reallıqlar” adlı hesabat təqdim etmək niyyətindədir. Hesabat bu ilin aprelin 30-dan indiyə qədər bir dövrü əhatə edir.

Bu barədə AzadlıqRadiosuna mərkəzin təmsilçisi Oktay Gülalıyev məlumat verib.
Onun sözlərinə görə,hesabatın hazırlanması haqqında ilkin qərar aprelin 28-də Bakı İstintaq Təcridxanasında saxlanan Mehman Qələndərovun müəmmalı ölümündən sonra qəbul olunub. Mehman Qələndərov Gürcüstanda mühacir həyatı yaşayıb, Bakıya gələndən sonra dərhal həbs olunub.

Oktay Gülalıyev Gürcüstanda “Lanset” klinikasının təsisçisi, iş adamı Fərman Ceyranlının həbsini xatırladaraq bildirir ki, hökumətə yaxın media orqanlarında həmin ölkədə mühacirlərdən bəhs edən silsilə yazılardan sonra onlara təzyiqlərgüclənib:

“Əvvəlcə AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan Azərbaycana qayıdanda sərhəddə saxlandı.

Gözəl bayramlı

Sonra araşdırmaçı jurnalist Əfqan Muxtarlı Tbilisidən oğurlanaraq Bakıya gətirildi. Bu proses zamanı Gürcüstanda yaşayan siyasi fəal Daşqın Ağalarlının oturum izni ləğv olundu. Bir növ Gürcüstandakı mühacir azərbaycanlılaratotal hücum başlandı. Baş verənlər bizi hesabatı daha geniş kontekstdə hazırlamağa vadar etdi.Məqsəd qonşu ölkədəki olayları araşdırmaq, bu problemləri doğuran səbəbləri, çıxış yollarını özündə əks etdirən sənəd hazırlayıb yerli və beynəlxalq qurumlara təqdim etməkdir. Bununla diqqəti Gürcüstana yönəltmək istəyirik. Biz mövcud problemlərin həllinə yardımçı olmaq niyyətindəyik”.

Əfqan Muxtarlı

Oktay Gülalıyev iddia edir ki, Gürcüstandakı olaylar rəsmi Bakı iləTbilisidəki bəzi rəsmi dairələrin birgə səyi əsasında baş verib:

“Biz hesabatda bu məsələlərə də toxunmuşuq ki, Gürcüstanda yaşayan siyasi fəallara qarşı həyata keçirilən təqiblərin arxasında iki ölkənin hüquq-mühafizə orqanları dayanır. Bu məsələlər konkret misallarla, sübut və dəlillərlə geniş şəkildə təsvir olunur”.

Buna da bax:"Vəkilləri Gözəl Bayramlı ilə Əfqan Muxtarlının azadlığın istəyir"

Oktay Gülalıyev hesabatı hazırlayarkən Gürcüstan hüquq müdafiəçiləri və jurnalistləri ilə də əməkdaşlıq etdiklərini bildirir:

“Məlumatların toplanması, hüquqi rəylərin alınması geniş çevrədə həyata keçirilib və insanlar hesabatın hazırlanmasında müxtəlif formada iştirak edib...”.

Hüquq müdafiəçisi hesabatda müəyyən bölümlərin olduğunu deyir:

“Mehman Qələndərovun müəmmalı ölümündən başlamış Gözəl Bayramlının, Fərman Ceyranlının, Əfqan Muxtarlının həbsinə qədər.Hər bir bölüm üzrə hüquqi arayış əlavə edilib. Üstəlik, həbslərin, təqiblərin hansı hüquq pozuntuları ilə müşahidə olunması barədə müstəqil hüquqşünasların rəyləri sənədə əlavə olunub”.

O, hesabatın hazırda rus və ingilis dillərinə tərcümə olunduğunu bildirir:

“Yaxın günlərdə sənəd yerli və beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.

Hüquq müdafiəçisi bu cür hesabatların nəticəsi barədə suala belə cavab verib:

“Bizim həbs yerlərindəki işgəncələr və məhbusların saxlanılma şəraiti ilə bağlı xeyli hesabatlarımız olub. ABŞ Dövlət Departamenti, Beynəxalq Amnistiya Təşkilatı və digər nüfuzlu qurumlar bizim sənədə istinad ediblər. Daxildə isə hesabat ən azından ictimai qınaq yaradır.Həm də bu hesabatlar ictimaiyyət üçün müəyyən məlumat, həbsdəkilərə mənəvi dayaq və dəstəkdir.”

Xatırlatma

Bloqqer Mehman Qələndərov bu il aprelin 28-i 1 saylı İstintaq Təcridxanasında müəmmalı şəkildə vafat edib.Gürcüstandan qayıtdıqdan sonra narkotik ittihamı ilə saxlanan bloqqerə işgəncə verildiyi iddia olunur.Ancaq rəsmi qurumlar işgəncə iddialarını təkzib edərək onun intihar etdiyini açıqlayıblar.

AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı isə mayın sonunda həbs edilib.Hər iki şəxsə qaçaqmalçılıq ittihamı verilib.Üstəlik, Əfqan Muxtarlı sərhədi qanunsuz keçməkdə və bu zaman hüquq mühafizə orqanı əməkdaşlarına müqavimətdə ittiham edilir.Onlar ittihamları qəbul etmirlər.

Üstəlik, Əfqan Muxtarlı deyir ki, o Gürcüstandan Azərbaycana oğurlanıb gətirilib.Bu prosesdə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəzi əməkdaşları da iştirak edib.Ancaq Gürcüstan baş naziri və daxili işlər naziri bunu təkzib ediblər.

Gürcüstanda dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilən “Lanset” klinikasının təsisçisi, iş adamı Fərman Ceyranlı da həbsini siyasi sifariş sayır.

Buna da bax: "Gözəl Bayramlı təcridxanada yıxıldığını deyir"