Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb. Bu mükafata beşqat dünya, 11 qat Avropa çempionu olan karateçi Rafael Ağayev layiq görülüb. O, 75 kq çəki dərəcəsində yarışların finalında italiyalı Luici Busa ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə R.Ağayev minimal hesabla uduzub.
Bu, Azərbaycan yığmasının Tokio-2020-də dördüncü medalı olub. Ona qədər Azərbaycan üç bürünc mükafat əldə etmişdi. Bunlar cüdoçu İrina Kindzerska (78+ kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) olublar.
Sərbəst güləşçi Hacı Əliyev (65 kq) də bu gün, avqustun 6-da finala yüksəlməklə özü üçün ən azı ikinci yeri təmin edib.
Azərbaycan Tokioya 44 idmançı ilə yollanıb. Onların çoxu mübarizəni medalsız dayandırıb.
Bu Yay Olimpiya Oyunları rəsmi olaraq iyulun 23-də başlayıb. Olimpiada avqustun 8-dək davam edəcək.
"Tokio-2020" Yay Olimpiya Oyunları, adından da göründüyü kimi, 2020-ci ildə keçirilməliydi. Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.
Xatırlatma
Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Onun Olimpiya komandası həmçinin altı Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Bu ölkənin Olimpiya Oyunlarında debütü "Atlanta-1996" Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu "Rio-2016"da qazanıb. Həmin olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla, ümumilikdə 18 medala sahib olub.