Çexiya Respublikası fevralın 21-də İran hökumətinin tanınmış tənqidçisinin qətlinə cəhddə ittiham olunan şəxsi ABŞ-a ekstradisiya edib.
Reuters Çexiya Ədliyyə Nazirliyinin məlumatına istinadla yazır ki, Polad Ömərov Praqanın Vaslav Havel beynəlxalq hava limanında ABŞ hakimiyyət orqanlarının nümayəndələrinə təhvil verilib.
Bundan əvvəl o Çexiyadan ekstradisiyadan şikayətin bütün apellyasiya instansiyalarından keçmişdi.
Ömərov 2023-cü ilin yanvarında Çexiyada həbs olunub.
Buna da bax: İranın 'dirəniş oxu': fərqli qruplar, eyni məqsədlərSui-qəsd planı
Ədliyyə Nazirliyi onun erkstradisiyasına ötən ilin iyulunda icazə versə də proses şübhəlinin Konstitusiya Məhkəməsinə müraciətinə görə ləngiyib.
Ömərov, həm də Fəxrəddin Mirzəyev kimi tanınan Rəfat Əmirov və Xalid Mehdiyevlə birlikdə sifarişli qətlə cəhddə və çirkli pulların yuyulmasına görə ABŞ tərəfindən ittiham olunur.
Məhkəmə sənədlərində onların hər ikisinin Azərbaycan vətəndaşları olduğu bildirilir. Əmirovun həm də Rusiya vətəndaşı olduğu qeyd edilir.
İttihamnaməyə görə onlar Nyu Yorkda yaşayan ABŞ vətəndaşını Tehran tərəfindən dəstəklənən sui-qəsdlə qətlə yetirməli idilər.
Lakin bu qəsdin qarşısı alınıb.
Buna da bax: İranın İsrail və ABŞ-la birbaşa savaşda 'itirəcəyi çox şey' varHədəf jurnalist idi
ABŞ 2023-cü ilin yanvarında ittihamı elan edəndə sui-qəsdin hədəfinin kimliyini açıqlamamışdı.
Amma Mehdiyev 2022-ci ildə Nyu Yorkda əlində avtomatla əslən iranlı dissident jurnalist Məsih Əlinejadın evinin yaxınlığında həbs olunmuşdu.
İranda məcburi hicab qanununu illərdir tənqid edən jurnalist hicablarını açan qadınların videolarını milyonlarla abunəçisi olan sosial media hesabından yayırdı.
ABŞ prokurorları habelə 2021-ci ildə Tehran kəşfiyyatının agentləri olduqları iddia edilən dörd iranlıya qarşı da ittiham irəli sürmüşdülər.
Bu dəfə də hədəfin adı çəkilməsə də Reuters bunun Əlinejad olduğunu dəqiqləşdirib.
ABŞ prokurorları bildiriblər ki, Ömərov Çexiya və Sloveniyada məskun idi.
Çexiya Ədliyyə Nazirliyi onun Gürcüstan vətəndaşı olduğunu bildirmişdi. AFP isə yazırdı ki, Ömərov Gürcüstan vətəndaşı olan azərbaycanlıdır.