Ombudsmanın elçiləri təcridxanada Bayram Məmmədov və başqaları ilə görüşüb

Bayram Məmmədov

İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrup (MPQ) aprelin 5-də Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə (İHOSM) baxış keçirib. Bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilir.

Açıqlamaya görə, MPQ üzvləri orada saxlanan bir sıra şəxsləri, o cümlədən Bayram Məmmədovu da qəbul edərək konfidensial qaydada dinləyiblər. Bu barədə açıqlamada deyilir:

“Hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə araşdırılıb, habelə onların bir sıra müraciətləri yerində təmin edilib. Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb. Milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib. Başçəkmənin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət olunub”.

Amma qurum Bayram Məmmədovun işgəncə şikayəti ilə bağlı heç nə bildirmir.

Halbuki, vəkili Elçin Sadıqovun bildirməsinə görə, gənc fəal Bayram Məmmədov işgəncəyə məruz qalması barədə izahat yazıb və ekspertizadan keçirilməsini istəyir.

Bayram Məmmədovla bağlı son günlər nə baş verib?

O, bu il martın 17-də əfv sərəncamı ilə azadlığa çıxdıqdan 13 gün sonra polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 30 sutka inzibati həbs cəzası alıb.

Gənc fəalla bağlı Sabunçu Rayon Məhkəməsinin martın 30-da verdiyi həmin inzibati həbs qərarından şikayətə aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədov baxıb. Şikayət təmin edilməyib.

Verilən ittihamı qəbul etməyən Bayram Məmmədov məhkəmədə saxlandıqdan sonra işgəncə ilə üzləşdiyini, döyüldüyün açıqlayıb. Hakim işgəncə şikayətinin araşdırılmasından ötrü prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə AzadlıqRadiosuna gənc fəalın işgəncə ilə üzləşməsi ilə bağlı dediklərinin gerçək olmadığını söyləyib.

Xatırlatma

Bayram Məmmədov bundan öncə digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı.

Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə, həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildə yaradılıb. Amma bu qurumun fəaliyyəti ilə bağlı ölkədə birmanalı münasibət yoxdur.

Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, bu qurum insan hüquqlarının müdafiəsindən çox hakimiyyətin siyasətini müdafiə edir.

Onlar xüsusilə də vurğulayırlar ki, bir çox şikayətlərin olmasına baxmayaraq Azərbaycanda Ombudsman Aparatı bir dəfə belə olsun təcridxana və həbsxanalarda işgəncə halının mövcud olduğunu təsdiq etməyib.

Hərçənd, Ombudsman Aparatının rəsmiləri tənqidləri əsassız sayırlar.