Azərbaycanda da koronavirusun "Omikron" ştammı aşkarlanıb.
Bu barədə bu gün, yanvarın 10-da Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K "Omikron" variantı aşkarlanıb.
Bununla bağlı ölkənin səhiyyə qurumları ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan altı ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, gücləndirici (buster) doza ilə peyvəndləməni vacib sayırlar: "Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə, əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".
Dünya Səhiyyə Təşkilatının ekspertlərinin açıqlamasına görə, "Omikron" ştammı daha sürətlə yayılır. Dünyanın bir çox ölkələrində bu ştammın aşkarlandığı açıqlanıb.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimi hökm sürür.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə yanvarın 10-na kimi ümumilikdə 621 min 234 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 min 445-nin vəfat etdiyi bildirilib.