Vaksin şirkətləri Omikrona qarşı üç dozanı ‘effektli’ sayır

Arxiv fotosu

ABŞ və Almaniya şirkətlərinin təqdim etdiyi ilkin nəticələr Omikron aşkarlanandan bəri ilk müstəqil datadır

Pfizer-BioNTech vaksini koronavirusun Onikron ştammına təsir göstərir, amma iki doza yetərli olmaya bilər. Bu açıqlama ilə vaksini hazırlayan şirkətlər çıxış ediblər.

Şirkətlərin dekabrın 8-də bildirdiyinə görə, iki doza yetərli olmasa da, üçüncü dozadan sonra vaksin “yenə də effektini qoruyur”.

Buster dozanın vaksin qorumasını bərpa etməsi faktını bir çox ekspertlər alqışlayıblar. London İmperial Kollecinin immunoloqu Çarlz Bangam deyib ki, bu, “vaksinin üç dozasını vurmaq kampaniyasına güclü dəstək” deməkdir.

Buna da bax: Omikron BioNTech/Pfizer vaksininin ‘qüdrətinə kölgə salır’

Ehtiyatlı yanaşma

ABŞ və Almaniya şirkətlərinin təqdim etdiyi ilkin nəticələr Omikron aşkarlanandan bəri ilk müstəqil datadır.

Yeni dataya görə, koronavirusun yeni mutasiyaları vaksinlərin yaratdığı immunitetdən daha yaxşı yayına bilirlər.

Afrika Səhiyyə Tədqiqatları İnstitutunun icraçı direktoru Uillem Hanekom isə deyib ki, bu nəticələr yalnız laboratoriya sınaqlarına əsaslandığından onlara ehtiyatla yanaşılmalıdır. Onun sözlərinə görə, əsl nəticələr real dünya datasına əsaslanmalıdır.

Bir gün öncə isə Cənubi Afrikada aparılmış araşdırmanın nəticələri yayılmışdı. Afrika Səhiyyə Tədqiqatları İnstitutunun tədqiqatçıları Omikronun virusu dəf edən anticismləri iki il öncə Vuhanda aşkarlanmış ilkin ştamma nisbətən 41 dəfə çox azaltdığını üzə çıxarıb.

Buna da bax: Bu ölkənin yalnız müsəlman icması peyvəndi dəstəkləyir

Yeni versiya hazırlanır

Vaksin istehsalçıları hazırda vaksinin Omikrona qarşı spesifik versiyası üzərində işləyirlər və martadək hazır olacağına ümid edirlər. Proses zaman alır, çünki yeni vaksin Omikrondakı 30-dan çox mutasiyaya uyğunlaşdırılmalıdır.

“Ümumi bildiyimiz budur ki, ştammın mutasiyaları çox olduqca, ona qarşı daha yüksək immunitet yaranmalıdır”, – ABŞ-ın Xəstəliklərə Nzəarət və Qarşısının Alınması Mərkəzlərinin direktoru Roçel Valenski deyib.

O, AP-yə müsahibəsində deyib ki, indiyədək ABŞ-da aşkarlanmış 40 yoluxma halının demək olar hamısında öskürək, təngnəfəslik, halsızlıq simptomları yumşaq keçib. Bir nəfər xəstəxanaya yerləşdirilib, amma ölüm qeydə alınmayıb.

Valenski Omikrona yoluxanların 75 faizindən çoxunun peyvənd olunduğunu deyib.

Buna da bax: Omikron sürətlə yayılır, amma daha zəifdir

Məhdudiyyətlər

Bu arada Danimarka və Britaniya artan yoluxmalara qarşı yeni qadağalar elan edirlər.

Danimarkanın Baş naziri Mette Frederiksen məktəblərdə Milad tətilinin uzadılacağını, gecə həyatının məhdudlaşdırılacağını deyib. O, vətəndaşları evdən işləməyə çağırıb.

Britaniyada evdən işləmək qaydası bərpa olunur, gecə klubları və stadionlarda vaksin pasportları tələb edilir. Yeni tədbirlər İngiltərəyə aiddir. Onlar Şotlandiya və Uelsdə artıq qüvvədədir.

Dünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Gebreyesus Omikron noyabrın sonunda Cənubi Afrikada aşkarlanandan onun haqda alimlərin öyrəndiklərini ümumiləşdirib.

Bu ştamm asanlıqla əvvəlki immunitetdən yayınır, amma daha yüngül xəstəliyə səbəb ola bilər, o deyib.

Ancaq daha yumşaq olduğu təsdiqlənsə belə, ştammın yüksək yoluxuculuğu onun daha çox insana yoluxması deməkdir.