Bu gün, oktyabrın 21-də keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) üzvləri ilə bağlı verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış olub. Məhkəmə noyabrın 4-nə təyin edilib.
Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.
Vəkilin deməsinə görə, hazırda həbsdə olan keçmiş OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov barəsində ömürlük həbsin 15-20 illik cəza ilə əvəz edilməsini istəyirlər: «Bundan əlavə, vəsatətdə 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə təfsir verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunmasını da əlavə etmişəm».
E.Sadıqov deyir ki, Qaradağ Rayon Məhkəməsi bu işi icraata qəbul etməyib. Onların indiki apellyasiya şikayəti Qaradağ Rayon Məhkəməsinin həmin qərarından verilib. Vəkilin mövqeyinə görə, Azərbaycanda ölüm hökmü aradan qaldırılandan sonra bu şəxslərə ömürlük cəza təyin edilməsi əsassızdır.
E.Əmiraslanov, S.Poladov, A.Kazımov 1994-cü il və 1995-ci ildə OMON ilə hakimiyyət orqanları arasında baş verən silahlı qarşıdurma olayları ilə bağlı bir qədər sonra həbs ediliblər. Bu il onların həbsinin 20 ili tamam olur.
Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə OMON arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət OMON-nun Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada rəsmi bilgilərə görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 OMON əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. OMON rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib. Dəstənin qalan üzviləri isə həbs ediliblər. Sonradan şahidlər bildirdi ki, dəstənin qərargahından ağ bayraq qaldırılıb, ancaq hökumət qoşunları atışmanı dayandırmayıblar.