Yol polisinin “maşında uşaq oturacağı” tələbi sosial şəbəkələrdə fırtına qoparıb. Kimi bu tələbə büdcəni doldurmaq hoqqası kimi yanaşıb, kimi də “uşaq oturacağı” biznesinə təkan vermək cəhdi sayıb.
Facebook istifadəçisi Gülər Əhmədzadə yazır: “Deməli, dünən Dövlət Yol Polisi məlumat yaydı ki, 12 yaşınadək uşaqlar maşında avtokresloda oturmalıdır. Yoxsa cərimə ediləcəklər. 100 faiz əminəm ki, yuxarılardan kimsə avtokreslo biznesinə girib, malı əlində qalmalıdır? Kim almalıdır? Təbii xalq”.
Buna da bax: Ramil Usubov: 'İnsan haqlarını pozan 1579 polis cəzalandırılıb'
Adışirin Tərxan Xəlil adlı istifadəçi də “oturacaq tələbini” biznes maraqlarına bağlayır: “Kimsə ölkəyə uşaq oturacağı vurub, əlində qalmasın deyə beşdən-üçdən verib, qanunda dəyişiklik etdirir”.
Günel Əbilova isə yazır: “Tutaq ki, bir evdə iki və ya üç 12 yaşı tamam olmamış uşaq var, bu arvad yazıq harada oturacaq?”.
Bakı Şəhər Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında 12 yaşadək uşaqları maşında xüsusi oturacaqsız aparan sürücülərin cərimələnəcəyini deyəndən sonra bu hay-küy qalxıb.
Buna da bax: Sürücünü ağladan yol polisi işdən çıxarılıb
Sizin brauzer HTML5-i dəstəkləmir
“60 manat cərimə və 3 bal”
Vaqif Əsədov deyib ki, yol qəzalarında ağır xəsarətlərə yol açan bir səbəb də güvənlik kəmərindən düzgün istifadə etməməkdir. O, özəlliklə uşaqların maşında düzgün daşınmamasının yol qəzalarında ağır xəsarət və ölüm hallarını çoxaltdığını vurğulayıb. Yol polisinin sözçüsü AzadlıqRadiosu-na açıqlamasında ayrıca “uşaq oturacağı”nın önəminə diqqət çəkərək, bu tələbə kiminsə biznesinə təkan kimi baxılmasına etirazını bildirib. O deyib ki, dünyanın bir çox ölkəsində azyaşlıların avtomobildə daşınma qaydası var: “Qanunun 56-cı maddəsində konkret göstərilir ki, sürücünün yanındakı sağ ön hissədə xüsusi oturacaq olmadan 12 yaşadək uşaqların daşınmasına görə 60 manat cərimə və 3 bal cəza nəzərdə tutulub”.
Vaqif Əsədov arxa oturacaqda 12 yaşadək uşaqların nəzarətsiz aparılması ilə bağlı inzibatı məsuliyyətin nəzərdə tutulmadığını xatırlatsa da, fikrini belə tamamlayıb: “Ancaq qanuna görə, sürücü özünün və sərnişinlərin təhlükəsizliyinə məsuliyyət daşıyır. Beynəlxalq standartlar, təcrübə də deyir ki, 12 yaşınadək uşaqlar avtomobildə xüsusi oturacaqlarda daşınmalıdır. Maşında oturan sizin uşağınızdır, öz uşağınızın təhlükəsizliyi tələbi niyə belə problem kimi qarşılanmalıdır?”.
Buna da bax: Şirvan sakini: 'Yol polisi dedi, səni sutkaya atdıracam, səni mələdəcəm'
“Qanuna salıb sonra tələb etsinlər”
“Beynəlxalq standartlarda uşaqların avtomobildə daşınmasına konkret tələblər var, di gəl, bu tələblər Azərbaycan qanunvericiliyində tam əksini tapmayıb”, - yol nəqliyyat hadisələri eksperti Ərşad Hüseynov belə deyir. Onun sözlərinə görə, Azərbaycanda yol polisi yerli qanunvericiliyə uyğun davranmalıdır: “Bizim qanundasa göstərilməyib ki, arxa oturacaqdakı 12 yaşadək uşaqlar mütləq xüsusi oturacaqda oturmalı və ya kəmər bağlamalıdır. Bunu əvvəlcə qanuniləşdirsinlər, sonra sürücülərdən tələb etsinlər”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ərşad Hüseynov deyir ki, Azərbaycanda “xüsusi oturacaq” tələbi yalnız ön oturacağa aiddir və bu qaydanı pozan sürücünü də cərimə gözləyir. Hüquqşünas ona da toxunur ki, Azərbaycan qanunvericiliyində uşaqların daşınması ilə bağlı bir boşluq da var, qanunda konkret göstərilmir ki, minik avtomobilində neçə uşaq aparıla bilər.
Buna da bax: Yol polisi sürücülərə müraciət edib
“Xüsusi oturacaqsız, işim çətin olardı”
Şəxsi avtomobil sahibi Fərqanə Əliyeva deyir ki, qızı doğulandan bəri ona ayrıca oturacaq alıb: “Uşaq oturmağı bacarandan sonra maşında onu xüsusi oturacaqda oturduram, çünki ikimiz bir yerə gedəndə, oturacaqsız mənə çətin olur”. O, xüsusi oturacağı hər zaman maşının arxa oturacağında yerləşdirdiyini də sözlərinə əlavə edir.
Hər gün məktəbə sifarişlə uşaq daşıyan sürücü Mübariz Vəliyev yol polisinin təhlükəsizlik tələblərini haqlı sayır.
70 manatdan başlayan qiymətlər
Uşaqlara maşın oturacaqları Azərbaycanda bir neçə ildir ki, satışdadır. Qiymət 70-150 manat, arasında dəyişir. Brend firma məhsulları daha bahadır və belə oturacağı bəyənən 350 manatadək xərcə düşməyi gözə almalıdır. Sözügedən oturacaqları “2-ci əl”dən daha ucuz almaq olar. Uşaqları böyüyənlərin ona ehtiyacı qalmır, axı…
Buna da bax: Azərbaycan polisi ilə çex polisinin fərqi [video]
“Boyu 150 sm və ya 36 kq-dan az çəkili uşaqlara xüsusi oturacaq tələbi”
Uşaqların maşında daşınması ilə bağlı Avropa qanunlarında yetərincə sərt tələblər var. Məsələn, Avropa standartlarına uyğunlaşdırılmış İrlandiya qanunlarına görə, boyu 150 sm və ya çəkisi 36 kq-dan az olan uşaqlar avtomobildə mütləq xüsusi oturacaqda aparılmalıdır. Bu oturacaqların təhlükəsizlik yastıqlarından aralı məsafədə olması da nəzərdə tutulur ki, qəza zamanı açılan təhlükəsizlik yastığı uşağa xəsarət yetirməsin. Belə tələblər taksi sürücülərinə də aiddir. Praqada yaşayan azərbaycanlı İsmayıl Nəsibov deyir: “Bu günlərdə sifariş etdiyimiz taksi iki uşaq görüncə, bizi aparmaqdan imtina etdi. Dedi ki, yalnız bir uşaqdan ötrü oturacağı var. Burda uşaqların maşında daşınma məsələsi çox ciddidir”.
Bəlkə də bunlar olmazdı
Azərbaycanda 2015-ci ildə baş vermiş yol qəzalarında 71 uşaq və yeniyetmə həlak olub, 212 nəfər yaralanıb.