“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Polis əməkdaşları onun evinə gediblər, ancaq hüquq müdafiəçisi evdə olmayıb. Bundan sonra ona telefon edərək təcili paytaxt polisinə çağırıblar, lakin səbəbini açıqlamayıblar.
Bu barədə O.Gülalıyev özü məlumat yayıb.
Buna da bax: Siyasi məhbus sayılanlarla bağlı yeni siyahı - 166 nəfər
O.Gülalıyev iki gün öncə açıqlanmış siyasi məhbus sayılan şəxslərlə bağlı 166 nəfərlik yeni siyahının müəlliflərindən biridir.
O, oktyabrın 14-də də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.
Hüquq müdafiəçisi ondan əvvəl də Nardaran hadisələri ilə bağlı tutulanların siyahısını açıqlamışdı.
Buna da bax: "Siyasətlə məşğul olan hər kəs təhlükədədir"
Onun deməsinə görə, idarə əməkdaşları siyahının mətbuatda açıqlanmasına, işgəncə olması haqda yazılanlara narazılıq ediblər.
O.Gülalıyev deyib ki, hətta işgəncə ilə bağlı yazdıqları idarənin nüfuz və imicinə zərbə kimi dəyərləndirilib: «Məndən tələb edilən o idi ki, ictimai-siyasi fəallığı dayandırım. Bunu özümə qarşı xəbərdarıq kimi dəyərləndirirəm. Həm də işarə etdilər ki, bu fəallığı dayandırmadığım halda, daha ciddi nəticələr ola bilər».
Hazırda Oqtay Gülalıyevə zəng çatmır.
Oqtay Gülalıyevin yenidən polisə çağırılmasına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hələlik münasibət almaq mümkün olmayıb.
* * *
Axşam saatlarında Oqtay Gülalıyev Bakı Baş Polis İdarəsindən qayıdıb. Ancaq o polisə yenidən çağırılmasının səbəbləri və oradakı söhbəti barədə danışmaq istəməyib.