DİN saxlanmanı təsdiq edir
Noyabrın 13-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Afiəddin Məmmədovun saxlanmasını və sənədlərinin məhkəməyə göndərildiyini təsdiq ediblər.
Amma bu nazirlik də, hələlik, işin detallarını açıqlamayıb.
***
Noyabrın 11-də axşam saatlarında saxlanıdığı deyilən “D18 - Demokratiya 1918 Hərəkatı"nın İdarə Heyətinin üzvü Afiəddin Məmmədovun inzibati qaydada həbs olunduğu bildirilir.
Bu barədə həmin təşkilatdan məlumat verilib.
Təşkilatdan deyilib ki, A.Məmmədov dünən, noyabrın 11-də evə qayıdarkən onu polis saxlayıb:
"Afiəddinlə dünəndən əlaqə saxlamaq mümkün deyildi. Bu gün, noyabrın 12-də hüquq mühafizə orqanlarından bizə bildirdilər ki, o saxlanıb. İndi isə məlum olub ki, o, məhkəmənin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub".
Təşkilatdan fəalın həbsinin onun siyasi və ictimai fəaliyyəti ilə əlaqədar olduğunu bildirirlər. Amma onun konkret nədə ittiham edildiyini öyrənə bilmədiklərini də qeyd edirlər.
Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan isə münasibət öyrənmək mümkün olmayıb.
Amma Azərbaycanda rəsmilər ölkədə dinc siyasi fəaliyyətə basqılarla bağlı deyilənləri birqayda olaraq təkzib edirlər.
***
Noyabrın 10-da saxlanılan “D 18 - Demokratiya 1918 Hərəkatı"nın üzvü Orxan Zeynallının inzibati qaydada həbs olunduğu bildirilir.
Bu barədə “Turan” Agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, o Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.
Amma qərarın detalları açıqlanmayıb.
Bu məlumatı, hələlik, məhkəmədən də dəqiqləşdirmək mümkün olmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
***
"D18 - Demokratiya 1918" Hərəkatının üzvü Orxan Zeynallı saxlanıb.
Hərəkatının sədri Əhməd Məmmədli bildirib ki, O.Zeynallı noyabrın 10-da axşam saatlarında evindən aparılıb: "Dünən, noyabrın 10-da Orxana zəng vurub Bakı Şəhər Baş Polis İdarəsinə və Nərimanov rayonu 18-ci polis bölməsinə çağırıblar. O, rəsmi bildiriş olmadan getməkdən imtina edib. Axşam isə onu mülki geyimli şəxslər evdən aparıblar".
Ə.Məmmədlinin sözlərinə görə, buna səbəb fəalın Facebook-da yazdığı status olub: "Həmin statusda Orxan polisi tənqid etmişdi. Tənqid isə bir ay əvvəl oğurlanan velosipedi ilə bağlı olub. O, bununla bağlı polisə şikayət etsə də, şikayətə müxtəlif bəhanələrlə baxılmırdı".
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev də "Turan"a bildirib ki, O.Zeynallı saxlanılıb, hazırda araşdırma aparılır. Amma araşdırmanın detalları açıqlanmayıb.
"D18 - Demokratiya 1918" Hərəkatının rəbəri Ə.Məmmədli də bundan bir qədər öncə inzibatı qaydada həbs edilmişdi. O, polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılırdı. Lakin o, ittihamı qəbul etmirdi. Müdafiə tərəfi onun həbsini sosial şəbəkələrdə tənqidi statusları ilə izah edirdi.