Qəbələdəki otellərə böhran necə təsir edir?

Qəbələ.

«Gilan Holding» Qəbələdə yerləşən otellərinin idarəçiliyini bir mərkəzdən gerçəkləşdirmək üçün «Gilan Hospitality-Qəbələ» MMC yaradıb. Yeni şirkətə holdinqin nəzarətində olan mehmanxanaları yönəldən «Gilan Hospitality Group» MMC-nin baş icraçı direktoru Elgün Məmməd oğlu Məmmədov rəhbər edilib.

Elgün Məmmədov Gilan qrupuna daxil «Tvins» MMC-yə məxsus Badamdar otelinin də rəhbəridir.

Buna da bax:​ İqtisadçının 'böhrandan çıxdıq' deyən prezidentə cavabı

Qrupun Qəbələdə 8 oteli var

Holdinq məlumat verir ki, onun mülkiyyətindəki «Qafqaz Hotel & Resort» otellər qrupu eyni vaxtda 1400-dən çox qonaq qəbul etmək gücündə olan 13 oteldən ibarətdir. Bunların 8-i Qəbələdə («Qəbələ Otel», «Qafqaz Resort Otel», «Qafqaz Riverside Resort Otel», «Qafqaz Sport Otel», «Qafqaz Yeddi Gözəl Otel», «Gilan Otel», Yengicə İstisu Sağlamlıq Mərkəzi, «Tufandağ» Qış-Yay Turizm İstirahət Kompleksi) yerləşir. Otellərin çoxu son 3-5 ildə istifadəyə verilib.

«Qafqaz Hotels & Resorts»un 20-dən çox restoranı da var.

Təzad: Otellər çoxalır, nömrələr azalır

Təəccüb doğuran fakt budur ki, holdinqə məxsus otellərin bir çoxu fəaliyyətə başladıqları vaxtdan statistika orqanlarına nömrə miqdarı, qəbul etdikləri qonaqların və onların gecələmə sayı, gəlir və xərcləri haqqında Dövlət Statistika Komitəsinə (DSK-ya) məlumat verməkdən yayınır. Statistikaya görə, Qəbələdə otellərin birdəfəlik tutumu 602-dən (2010-cu il) 503-ə (2015-ci il), nömrələrin sayı 276-dən 196-ya düşüb.

Buna da bax: 'Bu templə Neft Fondu yaxın bir neçə ilə tükənəcək'

Qəbələ otelləri statistika ilə hesablaşmır

AzadlıqRadiosu-nun məsələyə dair sorğusuna DSK-da cavab veriblər ki, hesabat təqdim etməkdən yayınma və digər hallarla bağlı bir neçə sahibkar inzibati cərimə ilə cəzalanıb.

Rəsmi hesabatlara görə, 2015-ci ildə Qəbələdə turistlərin gecələmə sayı 17 min 664 nəfər/gecədən 7 min 653 nəfər/gecəyə düşüb. Onların arasında əcnəbi turistlər ümumiyyətlə olmayıb. Halbuki 2010-cu ildə xaricdən gələn turistlər Qəbələdə 2 min 500 gecədən çox qalmışdılar. Statistikaya təqdim olunan məlumatlara görə,

2010-cu ildə Qəbələdəki otellərdə 24 min 330 nəfər qalmışdısa, 2015-ci ildə bu göstərici müəmmalı şəkildə 5 min 909-a düşmüşdü.

Buna da bax:​ Ekspert: 'Bilmirik ki, böhranın dibinə çatmışıq, yoxsa...'

Otellərin rəsmi gəliri 2 dəfə azalıb

Otellərin gəliri barədə məlumatlara da güvənmək çətindir. Məsələn, 2015-ci ildə Qəbələ otellərinin gəlirləri əvvəlki ilə nisbətən 32 faiz, 2010-cu illə (717,5 min manat) müqayisədə isə təxminən 2 dəfə azalaraq, 382,8 min manata düşüb. Buraya həmin otellərdəki restoran və digər xidmət obyektlərindən daxil olan gəlirlər də aiddir. Qeydə alınmış hər mehmanxana müştərisinə, orta hesabla, 50 manatlıq xidmət göstərilib.

«Gilan Holding» bu meylin səbəblərini açıqlamaq barədə AzadlıqRadiosu-nun sorğusunu cavablandırmayıb.