Rusiyanın işğalı nəticəsində Ukraynanın əhalisi kəskin şəkildə azaldıqdan sonra Özbəkistan keçmiş SSRİ ölkələri arasında əhalisinin sayına görə ikinci yerə yüksəlib.
Bu məlumatı "BNE Intellinews" dərc edib.
Həmin məlumata görə, 2000-ci illərin əvvəllərində 45 milyon olan Ukrayna əhalisi hazırda 29 milyona düşüb. Müharibədən əvvəl Ukrayna postsovet məkanında Rusiyadan (146 milyon nəfər) sonra əhalisinin sayına görə ikinci ölkə idi.
Bu ilin iyununa olan məlumata görə, Özbəkistan əhalisinin sayı isə 36 milyon nəfəri ötüb. Məqalədə Özbəkistanın postsovet məkanında ən gənc və dinamik inkişaf edən ölkə olduğu vurğulanır. Bildirilir ki, 2022-ci ilin yanvarında əhalinin orta yaşı 29.1, bir qadına düşən orta doğum sayı isə 2.33 nəfər təşkil edib. Bu da 2021-2022-ci illərdə əhalinin 1.6 faiz artımına səbəb göstərilir.
BMT-nin hesablamalarına görə, 8 milyon ukraynalı müharibə səbəbindən öz vətənlərini tərk etmək məcburiyyətində qalıb. Həmin bu qaçqınlar öz vətənlərinə qayıtsalar, Ukrayna postsovet məkanında yenidən əhalisinin sayına görə ikinci ölkəyə çevrilə bilər.
Ötən il fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.