Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 15-də baş tutmuş pul hərracının nəticələrini açıqlayıb
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi tarixində bir ilkə imza atılıb - səhmdar cəmiyyətinin səhmləri pul hərracında ilkin qiymətindən 24 dəfə baha satılıb.
25 min manatlıq səhmə 600 min manat ödəndi
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 15-də baş tutmuş pul hərracının nəticələrini açıqlayıb. Məlumatda (https://goo.gl/DUMjXN) göstərilir ki, «Avtomotoservis və Ticarət» ASC-nin 25 min 725 ədəd səhmi hərraca nominal dəyərinin yarısına – biri -1 manata çıxarılmışdı. Hərrac rəqabətlikeçdiyindən, onun gedişində qiymət 24 dəfə artıb. Nəticədə toplam 25,7 min manatlıq səhmlər 600 min manata satılıb.
1997-ci ildən bəri keçirilən 806 hərrac formal xarakter daşıyıb, səhmləri səhmdar cəmiyyətinin nəzarət zərfinə sahib olan şəxslər yarı qiymətinə alıblar. Söhbət mindən çox müəssisədən gedir.
Baha olmasının səbəbi yeriymiş
«Avtomotoservis və Ticarət» ASC (https://goo.gl/uMkf31) 1976-cı ildə istifadəyə verilib. Bura «VAZ» avtomobillərinin satış və servis mərkəzi kimi fəaliyyət göstərib. Bakının investisiya baxımından ən əlverişli yerlərindən birində - «Şəki» restoranı ilə üzbəüz 1 hektardan çox sahədə yerləşir.
1997-ci ildə səhmdar cəmiyyətinin 90,31 faiz səhmi çek və pul hərraclarında satılmışdı. Səhm ticarəti ilə məşğul İlqar İlyasov AzadlıqRadiosuna deyib ki, «Avtomotoservis və Ticarət» ASC-nin səhmləri «çox bahadır və çox az adamda olduğundan, bazarda az alınıb-satılır».
Alanın adı gizli saxlanılır
Özəlləşdirmənin aparıldığı əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda dövlət əmlakını satın alan şəxslərin adları gizli saxlanılır. Yeganə istisna investisiya müsabiqələrinin hüquqi şəxs statuslu qalibləridir.
Hazırda yeni özəlləşdirmə qanunu üzərində iş gedir. İndi özəlləşdirmə 2000-ci ildən qüvvədə olan qanuna əsasən aparılır.