“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, 2015-ci ilin fevralından həbsdə olan polkovnik Əlövsət Məhərrəmov-un məhkəməsi yekunlaşıb. Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 15 il həbs cəzası verilib.
Ə.Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə suçlu bilinib. O, özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) vəzifəli adamı kimi təqdim edərək, 90 nəfərdən çox adamı bu qurumda işə düzəltmək adıyla pul alıb aldatmaqda ittiham olunur. Cinayət işinin materiallarında yazılanlara görə, bu cür aldatma nəticəsində polkovnikin adamlara vurduğu ziyan cəmi 670 min manat-dı.
Məhkəmədə dindirilən zərərçəkmişlər bildirib ki, Ə.Məhərrəmov onlardan bəzilərinə özünü nazir Kəmaləddin Heydərovun “dayısı oğlu” kimi təqdim edib. Zərərçəkmişlərin sözlərinə görə, Məhərrəmovun əynində FNH-nin formasının olması onları bu adamın FHN-in işçisi, nazirin də “dayısı oğlu” olmasına inandırıb.
Zərərçəkmişlər deyir ki, Kəmaləddin Heydərov özü də məsələdən xəbərdardır. Onlar aldadıldıqlarını başa düşəndən sonra toplaşıb nazirliyə gediblər, başlarına gələnləri ərizə şəklində orada qəbuluna düşdükləri məmura təqdim ediblər. Dediklərinə görə, bundan sonra məsələ araşdırılıb və Ə.Məhərrəmov həbs olunub.
Ə.Məhərrəmov zərərçəkmişlərdən pul aldığını təsdiqləyib. Məhkəmədə prokuror ondan 670 min manata qədər pulun yerini soruşanda isə belə cavab verib:
“Pulları verdiyim adam sonradan özünü asdı – MTN polkovniki İlqar”.
Söhbət 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra həbs olunan, nazirliyin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevdən gedir. O, 2015-ci il dekabrın 20-də Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında intihar edib.