Paris 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Ancaq CNN yazır ki, Fransa rəsmiləri tədbirin rəsmi dili barədə razılığa gələ bilmirlər.
"Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi dilləri sıra ilə fransız və ingilis dilləridir", - Fransanın dil məsələləri ilə məşğul olan əsas qurumu Fransız Akademiyası (L'Académie Française) bildirib.
2024-cü ilin Yay Olimpiadası yeni idman növlərinin salınması ənənəsini davam etdirəcək. Bu dəfə sörfinq, breykdans və dırmaşma kimi idman növləri əlavə olunacaq. Ancaq bütün bu sözlər və bu idman növlərinə aid terminlər fransız dilinə yaddır.
Buna da bax: 'Biz istərdik ki, tat dili məktəbdə keçilsin' - Qubadan reportajEkspertlər qrupu yaradılıb
Fransız dilinin təmizliyinə çalışanlar çıxış yolunu bu sözlərin fransız variantlarını tapmaqda görürlər. Fransa hökuməti bir neçə olimpiya federasiyası ilə birlikdə fransız dilinin təbliği üçün ekspertlər kollegiyası təşkil edib.
"Fəndlərin adlarının tərcüməsi vacib olacaq. Çünki fransız idmançısı və ya tamaşaçısı …skeytbord yarışına baxanda mütəxəssislərin danışdıqlarından heç nə anlamır", – komitənin sözçüsü Deniel Zelinski deyib.
Kollegiyanın yanvarda ilk iclasında 'breakdancing' və bu idman növündəki 'freeze' hərəkətinə yeni adlar təklif edilib. Onlardan ikisi 'le breaking' və 'la frise' şəklindədir.
Müxtəlif sahələrdə ixtisaslaşan ekspertlərdən ibarət qrup yaxın bir-iki ildə müntəzəm yığışaraq yeni idman terminləri tapmağa çalışacaq. BOK-un bu işlərə qarışmayacağı bildirilir.
Buna da bax: 'Azərbaycan dilində danışdığımız üçün boynumuzdan xalta asdılar'Tubon qanunu
Fransızların başqa dillərin təsirinə qarşı mübarizəsi yeni deyil. 1994-cü ildə bütün hökumət nəşrləri, müqavilə və elanlarında fransız dilinin işlənməsinin məcburiliyi haqda Tubon qanunu qəbul edilib. Ancaq marka və şirkətlər qanundakı boşluqlardan yararlanaraq ingilis dilindən istifadə edə bilirlər. Nəticədə fransız dilinə daxil olan ingilis sözləri daha qabarıq görünməyə başlayıb. Məsələn, qaçışa "footing", idman ayaqqabılarına isə "baskets" deməyə başlayıblar.
Paris Sorbonna Universitetinin dilçilik professoru Jüli Nevö deyir ki, ingilis sözlərinin bəzən mövcud leksikonun 5 faizindən azını təşkil etdiyi hesablansa da, onlar narahatlıq doğurur: "Onlar göstərir ki, biz özümüzün olmayan iqtisadi və mədəni modeli təqib edirik".
İdmanda ingilis dilinin möhkəmlənməsi
Bu növ ifadələr idman yarışlarında xüsusilə çox nəzərə çarpır. Çünki dünyanın hər yerindən gələn idmançılar ingiliscə ünsiyyətə alışıblar.
"İdman ilk qloballaşan sahələrdən biri olub. Bu fenomen ingilis dilini rəsmi dilə çevirib", – idman tarixçisi Mişel Attali deyir.
Buna da bax: Qusarda yaşayan ləzgilər: 'Ana dilimizi itiririk'Fransız dili bir zamanlar Olimpiya Oyunlarının yeganə rəsmi dili olub. Ancaq son onilliklər ərzində bu sahədə ingilis dilinin yeri möhkəmlənib. Bundan narazı qalan Fransa hökuməti də 1996-cı ildə Atlantada keçirilən Oyunlardan bəri hər Olimpiya Oyununa tədbirdə fransız dilinin yerini dəyərləndirmək üçün xüsusi nümayəndə göndərir. Ancaq həm idmançılar, həm də idman şərhçiləri ingilis terminologiyasından istifadəni davam etdirirlər.
"Dillər yalnız təmiz olmadıqları üçün mövcuddur"
İngilis dili idman sahəsində dominant ola bilər. Ancaq fransız terminləri bir çox başqa sahələrdə dominantdır. Balet fransız terminləri ilə dolu olan sahələrdən biridir. Burada "pas de bourré", "arabesque" və "plié", "chassé" kimi terminlərə rast gəlinir. Bu kimi ifadələr baletdən fitnesin bəzi sahələrinə, o cümlədən barre və pilatesə də keçib. Hər bir qılıncoynatma yarışının əvvəlində hakimlər "Allez" (Başla) əmrini işlədirlər. Hətta "sport" sözünün özü belə qədim fransız dilindən - "desport" (asudə vaxt) sözündən götürülüb.
İngilis dilindəki fransız sözlərinin sayı-hesabı yoxdur. Nevö bu növ mübadilənin təhlükə olmadığını deyir: "Bütün yaşayan dillər bir-birindən söz götürmək sayəsində mövcuddur. …Dillər yalnız təmiz olmadıqları üçün mövcuddur".
Ancaq Fransız Akademiyası "sərhədi keçən" ingilis sözlərini saymaqdadır. Qurum öz saytında "Neologizmlər və anqlisizmlər" bölməsi yaradaraq fransız dilinə yeni keçən ingilis sözləri barədə xəbərdarlıq edir, onların imkan daxilində işlədilməməsini məsləhət görür.